[b]Robert Prosineçki U-21-in hansı üzvünü bəyənib?[/b]
25.02.2015 - 21:50
[b]Robert Prosineçki U-21-in hansı üzvünü bəyənib?[/b]

"Maraqlı, dinamik oyun oldu. Komandamız çox hərəkətli idi və istək hiss olunurdu. Futbolçular çox çalışırdılar. Qana da zəif rəqib deyil. Hər iki komanda top uğrunda sna qədər mübarizə aparırdı". Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

21 yaşadək futbolçulardan ibarət millimizin Qana ilə qarşılaşmasını izləyən xorvat çalışdırıcı oyunla bağlı fikirlərini bölüşüb. Taşkın İltəri tərifləyən Prosineçki onu əsas milliyə çağıracağını istisna etməyib: "Millimizin heyətində yeni oyunçu çoxdu. Toplanışda cəmi dörd gün olublar. Komandanın yaxşı potensialı var. Sözsüz ki, gələcəkdə U-21-in bir neçə oyunçusunu əsas komandaya dəvət edəcəyik. Coşqun Diniyev, Elvin Camalov bu gün U-21-də çıxış etdi. Taşkın İltərin də oyununu gördüm. Onun haqqında eşitmişdim. Gələcəkdə biz Taşkını da əsas komandada görəcəyik".

 

Prosineçki iki gün öncə Nurlan Novruzovla bağlı dediyi fikirləri belə izah edib: "Nurlan yaxşı futbolçudu. Ancaq mən sırf oyun sistemimə uyğun olan futbolçuları milliyyə dəvət etmişəm. Elə hücumçu axtarıram ki, lazım olanda ön xətdə top saxlasın, boş mövqeyə çıxsın. Dünən “Şaxtyor”la oyunda Məhəmməd Qurbanov ilk dəqiqələrdə çətinlik çəkirdi, amma sonra oyununu tapdı və məhsuldar ötürmə verdi. Ondan razı qaldım".

 

Təcrübəli çalışdırıcı "U-21-in də əsas milli kimi, 4-1-4-1 taktiki sxemində oynaması faydalı olmazdımı?" sualına belə cavab verib: "Onda gərək klubların baş məşqçiləri ilə də danışım ki, onlar da bu sistemlə oynasınlar. Ancaq dünən güclü rəqibə qarşı oyunda bu sistem özünü doğrultdu. Yəni klubda bir, milli komandada digər sistemlə oynamaq problem yaratmır. Müdafiədə 4-1-4-1 sxemi ilə oynayırıq, hücuma keçəndə isə 4-3-3 sisteminə keçirik. Məncə, dünən bu sistemlə komanda yaxşı oynadı".

 

Tengiz MƏMMƏDOV / Antalya