AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığması baş məşqçi məsələsini həll etməyə yaxındır. Apasport.az saytının məlumatına görə, Braziliyada keçirilən dünya çempionatının final mərhələsində uğursuzluğa düçar olan “skaudra adzurra” bu posta Roberto Mançinini gətirməyə hazırlaşır.
Bir müddət əvvəl Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi postunu tərk edən mütəxəssis artıq İtaliya Futbol Federasiyasına öz razılığını bildirib. Yığma naminə güzəştə gedən Mançini əvvəlki iş yerləri ilə müqayisədə daha aşağı maaşa çalışmağın da əleyhinə deyil. Tərəflər arasında hərtərəfli razılıq əldə olunsa, çalışdırıcı bu postda vəzifəsindən ayrılan Çezare Prandellini əvəzləyəcək.
Qeyd edək ki, Azərbaycan və İtaliya milliləri arasında ilk oyun bu il oktyabrın 10-da Reco-di-Kalbriyada keçiriləcək.