[b]Ruslan Abışov “Qarabağ” və “Neftçi” üçün proqnoz verdi[/b]
05.08.2014 - 15:16
[b]Ruslan Abışov “Qarabağ” və “Neftçi” üçün proqnoz verdi[/b]

“İnter” Avroliqada bəxtsizliyin qurbanı oldu. “Qarabağ”dan bəlkə də çoxları qələbə gözləmirdi, amma mən inanırdım. Bu belə də oldu. Onlar evdə qalib gəldilər. Səfərdə çətin olsa da, komandamızın mərhələ keçəcəyinə inanıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qəbələ”nin müdafiəçisi Ruslan Abışov deyib.

 

O, Azərbaycan klublarının avrokuboklardakı çıxışı haqqında danışıb. Abışov “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la, “Neftçi”nin Avropa Liqasının III təsnifat mərhələsində “Çixura” ilə cavab qarşılaşmasında sərfəli nəticə qazanıb, pley-off mərhələsinə yüksələcəyinə inandığını bildirib: “Hər iki komandamıza uğurlar arzu edirəm. Amma onların işi çətin olacaq. Deyərdim ki, Reynaldonun olmaması “Qarabağ” üçün böyük itkidir. Bu reallıqdır ki, braziliyalı futbolçu komanda üçün çox vacibdir. Bəxtdən də çox şey asılı olacaq. İlk 15-20 dəqiqə də “Qarabağ”ın necə oynaması təsirini göstərəcək. Əgər qarşılaşmanın əvvəlində komandamız istədiyini edə bilsə, o zaman  işi bir az asanlaşar. Məncə, Qurban Qurbanovun komandası ilə müqayisədə “Neftçi”nin işi bir qədər yüngüldür. “Çixura”ya 90 dəqiqə müdafiə olunan komandadır. Bu müdafiəni yarmaq üçün çalışmaq lazımdır. Ona görə də mübarizəni sona qədər davam etdirməlidirlər. Bizə isə sadəcə bu komandalara inanmaq qalır”.

 

Qeyd edək ki, “Qarabağ” “Zalsburq”la sabah, “Neftçi” isə “Çixura” bu oyunun ertəsi gün üz-üzə gələcək. Bu komandaların ilk matında Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gəldiyi halda, “ağ-qaralar” qolsuz heç-heçə edib.