“Norveç yığması zəif komanda deyil. Rəqibin gücünə bələdik. Amma bu bizi qorxutmur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov deyib.
Xorvatiyanın “Hayduk” klubundan ayrılmağa qərar verən Qurbanov bu gün Avstriyaya gedərək, yığmanın təlim-məşq toplanışına qatılacaq.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə keçirəcək oyunu dəyərləndirən Ruslan iddialı danışıb. O, Osloya məğlub olmaq üçün getməyəcəklərini bildirib: “Şanslar bərabərdi. Norveçin yeganə üstünlüyü ev sahibi olmasındadı. Bununla belə, biz də ora məğlubiyyət üçün getmirik. Layiqli mübarizə aparıb, baxımlı oyun sərgiləməyə çalışacağıq. Məqsədimiz Azərbaycan xalqını sevindirməkdi. İnşallah, bunun öhdəsindən gələcəyik”.
Qeyd edək ki, Norveçlə iyunun 12-də üz-üzə gələcək millimiz 5 gün öncə isə Serbiya ilə yoxlama oyunu keçirəcək.