[b]Sadıq Sadıqov “5”lə getdi[/b]
30.03.2015 - 13:57
[b]Sadıq Sadıqov “5”lə getdi[/b]

Sadıq Sadıqovun “Neftçi”nin prezidenti postunda 5 il 3 ay duruş gətirib. Apasport.az saytının məlumatına görə, 2009-cu il dekabrında Əkbər Hacıyevin istefasından sonra “ağ-qaralar”ın başına keçən Sadıqov 63 ayda bir sıra uğurlara nail olub.

 

Sadıqovun prezidentliyi dövründə ardıcıl 3 dəfə Azərbaycan çempionu (2010/11, 2011/12, 2012/13), 2 dəfə kubokun qalibi (2012/13, 2013/14) olan paytaxt təmsilçisi avrokuboklarda qrupa yüksələn ilk Azərbaycan klubudu. 2012/13 mövsümündə bakılılar Avropa Liqasının qrupuna düşüb.

 

“Neftçi” Sadıqovun prezidentliyi dövründə müxtəlif yarışlarda üst-üstə 219 matç keçirib. Bunların 104-də qələbə qazanan bakılılar 62 heç-heçə edib və 53 dəfə uduzub. 306 qolun sevincini yaşayan rəhbər 200 dəfə qapıçılarının üzüntüsünə şahid olub.

 

Qeyd edək ki, “Neftçi”nin tarixinə sayca 6-cı prezident kimi düşən Sadıqov həm titul sayında, həm də postunda qalmaq müddətinə görə ikincidi. O, yalnız 8 il 7 ayda 6 titul qazanan Aydın İbrahimovdan geri qalıb.