Məşhur kamerunlu futbolçu Samuel Eto gülüş obyekti olub. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, karyerasını “Konyaspor”da davam etdirən veteran hücumçunun prezident seçkilərində namizəd olacağı vurğulanıb.
Xəbərdə hətta Etonun açıqlamasına da yer verilib və onun siyasətə qoşulmaqda maraqlı olduğu bildirilib: “Ölkəmə rəhbərlik etmək xəyalım Yuli Sezarın Romaya başçılıq arzusu ilə eynidi. Bu yolda heç bir əngəl görmürəm. 11 nazir və 7 baş katibdən ibarət hökumət kabineti qurmağı planlaşdırıram. Baş katiblər vəzifəsinin öhdəsindən gələ bilməyən nazirləri əvəzləyəcək”.
Yayılan məlumata bir müddət sonra reaksiya verən Eto bunun doğru olmadığını söyləyib. O, məsələ ilə bağlı açıqlama vermədiyini və fransalı jurnalistlərin 1 aprel zarafatı etdiklərini deyib.
Qeyd edək ki, Kamerunda prezident seçkiləri gələn il keçiriləcək.