“2-3 gün idi ayağımda ağrılar var idi. Hətta AZAL-la matçdan öncə də bunu hiss edirdim və meydana zədəli çıxmışdım”. Bunu apasport.az saytına Azərbaycan millisinin və “İnter”in qapıçısı Səlahət Ağayev deyib.
Dünən AZAL-la çempionat oyununda 90 dəqiqə meydanda qalmasına baxmayaraq, Antalyaya təlim-məşq toplanışına yollanan yığmanın heyətindən çıxarılan Ağayev hələ bir müddət məşq edə bilməyəcəyini söyləyib: “Dünənki qarşılaşmanın sonlarında zədəm təzələndi. MRT müayinəsindən sonra qopuq olmadığını öyrəndik. Sadəcə, sol ayaq əzələm dartılıb. Klubun həkimləri millidəki həkimlərlə danışdılar, vəziyyəti izah etdilər. Robert Prosineçki də dedi ki, qalsın, zədəsini sağaltsın. Hələ 5-6 gün mənə məşq etmək olmaz. İnşallah, gələn oyuna hazır olaram”.
Qeyd edək ki, Premyer Liqanın XXIII turu çərçivəsində keçirilən AZAL - “İnter” oyunu 1:1 hesabı ilə nəticələnib. “İnter” növbəti tur matçını fevralın 28-də “Simurq”a qarşı keçirəcək.
Rəvan ƏKBƏR