DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Azərbaycan millisinin qonağı olacaq Şimali İrlandiya yığmasında daha bir futbolçu zədələnib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Britaniya təmsilçisinin hücumçusu Liam Boys xəsarət alıb.
Ötən mövsüm Şotlandiya çempionatının bombardiri olan Boys iyunun 2-də Yeni Zelandiya ilə keçirilən yoldaşlıq görüşündə zədələnib. Komandasının qələbə qolunun müəllifi olan forvardın durumu qeyri-müəyyənliyini qoruyur. İlkin müayinədən sonra həkimlər Boysun zədəsinin ciddi olmadığını və Azərbaycanla matça yetişə biləcəyini söyləyiblər.
Qeyd edək ki, bir neçə futbolçudan məhrum qalan Şimali İrlandiya yığmasında son olaraq müdafiəçi Kreyq Katkart zədə ucbatından heyətdən çıxarılıb.