[b]Suares Kyellinini dişləyə bilməyəcək[/b]
04.06.2015 - 18:10
[b]Suares Kyellinini dişləyə bilməyəcək[/b]

UEFA Çempionlar Liqasının final oyununda “Barselona” ilə qarşılaşacaq “Yuventus” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” mövsümün ən əhəmiyyətli oyununda müdafiəçi Corco Kyellininin xidmətlərindən istifadə edə bilməyəcək.

 

Məşqlərin birində əzələsində narahatlıq hiss edən müdafiəçinin həkim müayinəsindən keçdikdən sonra final qarşılaşmasını buraxacağı məlum olub.

 

Xatırladaq ki, Kyellini turinlilərin müdafiəsinin lideri hesab olunur.

 

Qeyd edək ki, 2014-cü ildə Braziliyada keçirilmiş Dünya Çempionatının oyunları zamanı “Barselona”nın hücumçusu Luis Suareslə Kyellini arasında instident yaşanmışdı. Uruqvay və İtaliya yığmaları arasındakı oyunda, epizodların birində Suares Kyellinini dişləmiş və buna görə uzun müddətli diskvalifikasiya olunmuşdu.

 

Tərəflərin bir-birinə rəqib olacağı məlum olandan sonra dünya mətbuatında bu barədə müxtəlif yazılar, karikatura və şarjlar çap olunurdu. Ancaq belə məlum olur ki, gözlənilən görüş bu dəfə baş tutmayacaq.