[b]Suares Neymarla vidalaşdı: Heç vaxt dəyişmə[/b]
03.08.2017 - 15:15
[b]Suares Neymarla vidalaşdı: Heç vaxt dəyişmə[/b]

“Barselona”nın hücumçusu Luis Suares PSJ-yə keçmək üzrə olan Neymarla vidalaşıb. Apasport.az saytının məlumatına görə, uruqvaylı futbolçu şəxsi “İnstaqram” hesabında bununla bağlı paylaşım edib.

 

Birgə şəkillərini paylaşan Suares “sambaçı”ya yeni komandasında uğur diləyib: “Sənə hər şeyin ən yaxşısını arzulayıram, dostum. Birgə oynadığımız müddətdə unikal anlar yaşadıq. Mənə verdiyin dəstəyə görə təşəkkür edirəm. Həmişə belə qal və heç vaxt dəyişmə. Səni çox istəyirəm, qardaşım”.

 

Neymarın PSJ-yə transferinin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bu keçiddən “Barselona” 222 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Neymar 2013-cü ildən “Barselona”da çıxış edirdi. O, Kataloniya klubunda 2 dəfə La Liqanın, 3 dəfə İspaniya Kubokunun, 1 dəfə İspaniya Superkubokunun, 1 dəfə Çempionlar Liqasının və 1 dəfə Klublararası dünya çempionatının qalibi adını qazanıb.