Azərbaycan Premyer Liqasının XX turu “Qarabağ” və “Neftçi” arasında derbi ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionatlarının daimi iştirakçılarının qarşılaşması həm də millimizin sabiq kapitanlarının dueli kimi diqqət çəkir.
Vaxtilə yığmamızda həm komanda yoldaşı, həm də kapitan olan Qurban Qurbanovla Tərlan Əhmədov baş məşqçi kimi növbəti duelə çıxacaq. Ən yaxın izləyicisindən 10 xal öndə olan “Qarabağ” Qurbanovla ardıcıl 5-ci çempionluğun astanasındadısa, Əhmədov “Neftçi”ni avrokuboklara daşımaq üçün çalışır.
Təxminən həmyaşıd olan çalışdırıcılar futbolçu kimi hələ ötən əsrin 90-cı illərində dəfələrlə rəqib kimi qarşılaşıb. Sonradan onların fərqli “amplua”larda - baş məşqçi-futbolçu kimi duelləri də baş tutub. Lakin onların baş məşqçi kimi ilk dueli cəmi 5 il öncə baş tutub.
Sülhlə başlayan rəqabət
2013/14 mövsümü ərəfəsində “Neftçi”nin “sükanı arxası”na keçən Əhmədov baş məşqçi kimi debütünü gerçəkləşdirib. Artıq neçə illərdi “Qarabağ”ı çalışdıran Qurbanovla onun ilk dueli də həmin dövrə təsadüf edib. 2013-cü il sentyabrın 28-də komandalar “ağ-qaralar”ın meydanında üz-üzə gəlib. Həmin vaxt meydana son çempion kimi çıxan “Neftçi” qızıl medalların gələcək sahibinin müqavimətini qıra bilməyib. Qolsuz sülh Qurbanovla Əhmədovun növbəti dueli olub.
Fərqli müstəvilərdə
Mütəxəssislərin ikinci duelini çox gözləmək lazım gəlməyib. Elə həmin – 2013/14 mövsümünün sonuncu dövrəsində çalışdırıcılar yenidən qarşılaşıb. Artıq AZAL-a baş məşqçi keçən Əhmədov yeni komandası ilə “Qarabağ” qarşısına çıxıb. Ağdamlılar səfər görüşündə 2 cavabsız qolla qələbə qazanıb. Növbəti üç çempionatda da “təyyarəçilər”ə rəhbərlik edən mütəxəssis hər mövsümdə 4 dəfə Qurbanovla duelə çıxıb. Lakin çempionluqları sıralayan “Qarabağ”la elitada qalmaq üçün döyüşən AZAL sanki fərqli müstəvilərdə qərarlaşmışdılar. Bu üzdən Ağdam təmsilçisinin bir, hətta bir neçə baş üstün olduğu rəqibə xal verməsi də sensasiya sayılırdı. Bu üzdən də məşqçilərin ifasında baş tutan “Qarabağ” – AZAL görüşlərində aşkar üstünlük hiss olunur. Qurbanovun komandası 13 oyunda 12, Əhmədovun yetirmələri isə 1 dəfə qalib gəlib. “Qarabağ”ın 12 qələbəsindən 3-ü böyükhesablıdı.
Yenə “ağ-qaralar”la
AZAL Premyer Liqanı tərk etdikdən və adını “Şüvəlan”a dəyişəndən sonra mütəxəssislərin ilk dueli ötən ilin sonuna təsadüf edib. Çempionatın startından az sonra “Neftçi”nin baş məşqçisi təyin olunan Əhmədov yenidən “ağ-qaralar”la “Qarabağ”ın önünə çıxıb. Ötən il dekabrın ilk günündəki matç 1:0 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.
Bir sözlə, XX turun martın 14-də baş tutacaq görüşü millinin sabiq kapitanlarının indiki klublarında 3-cü, ümumilikdə 16-cı matçı olacaq. Əvvəlki 15 oyunda Qurbanov 13, Əhmədov 1 qələbə qazanıb, 1 qarşılaşmada isə sülh qeydə alınıb. Son 6 matçda Ağdam təmsilçisi xal belə itirməyib. “Neftçi” və “Qarabağ”ın bu məşqçilərlə çıxdığı oyunlarda da üstünlük Qurbanovun yetirmələrindədi. 2 oyunda qol buraxmayan ağdamlılar 4, rəqibi 1 xal əldə edib.
Premyer Liqada Tərlan Əhmədov – Qurban Qurbanov duelləri
28.09.2013. Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0
05.04.2014. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 0:2
13.09.2014. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 0:3
23.11.2014. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 2:1
11.02.2015. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 0:1
09.04.2015. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 2:1
23.08.2015. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 0:2
31.10.2015. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 2:0
31.01.2016. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 1:0
20.05.2016. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 3:0
09.09.2016. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 6:0
29.10.2016. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 0:1
03.02.2017. AZAL (Bakı) - Qarabağ (Ağdam) - 1:2
14.03.2017. Qarabağ (Ağdam) - AZAL (Bakı) - 1:0
01.12.2017. Qarabağ (Ağdam) - Neftçi (Bakı) – 1:0
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ