Türkiyədə “dörd böyüklər”in cari mövsümdəki ev oyunlarına gələn azarkeş sayı müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Superliqanın lideri “Qalatasaray” bu baxımdan da bütün rəqiblərini üstələyir.
“Sarı-qırmızılılar”ın geridə qalan 11 turdakı ev oyunlarını orta hesabla 40 min 842 azarkeş izləyib. Ötən mövsümdəki statistikasını yaxşılaşdıran “cim-bom” 40 min səddini keçən yeganə komandadı. Üstəlik, nəzərə alaq ki, “Qalatasaray” doğma arenasında əzəli rəqiblərindən yalnız “Fənərbaxça” ilə üz-üzə gəlib.
İkinci pillədə son iki mövsümün çempionu “Beşiktaş” qərarlaşıb. “Ağ-qaralar”ın orta hesabla hər oyununa təxminən 34 min 225 nəfər toplaşıb. “Qara qartal”ın hələlik “Vodafone Arena”da qəbul etdiyi ən güclü komanda “Trabzonspor”du.
Nəticə baxımından uğursuz mövsüm keçirən “Fənərbaxça”ya azarkeş dəstəyi ötənilkindən qat-qat çoxdu. Belə ki, “sarı-lacivərdlilər”i ilk 11 turdakı hər ev oyununda təxminən 30 min 443 azarkeş dəstəkləyib. Bunda “Fənər”in öz meydanında “Beşiktaş”, “Trabzonspor” və “Başakşəhər”lə üz-üzə gəlməsinin də rolu az olmayıb.
“Trabzonspor”un Qara dənizdəki matçlarını isə orta hesabla 24 min 864 azarkeş izləyib. Maraqlıdı ki, bu, ötən mövsümdəki nəticədən 4 dəfə çoxdu. “Bordo-mavililər” indiyə qədər güclü rəqiblərindən yalnız “Qalatasaray”ı qəbul edib.
Azərbaycan Premyer Liqasında geridə qalan 11 turdakı azarkeş sayı isə qonşu ölkə Türkiyə ilə müqayisəedilməz dərəcədə azdı. Yüksək liqada ən çox tamaşaçı yığan komanda “Kəpəz”di – 3 matçda 23 min 300 nəfər. Gəncəlilərin ev oyunlarında topladıqları ümumi azarkeş sayı Türkiyədə 4-cü olan “Trabzonspor”un 1 ev matçı qədər də deyil. “Kəpəz”i doğma arenasında hər qarşılaşmada orta hesabla 7767 azarkeş dəstəkləyib ki, bu, Superliqanın lideri “Qalatasaray”dan 5,2 dəfə azdı.
“Qarabağ” (13 min 400 nəfər – orta hesabla 2233), “Neftçi” (12 min 220 - 3055) və “İnter” (11 min 370 - 1624) 10 min azarkeş səddini keçən klublardı. Sadəcə, fərq ondadı ki, “Neftçi”i bunu 4, “Qarabağ” 6, “İnter” isə 7 qarşılaşmada bacarıb. Orta hesabla götürdükdə isə “Neftçi” yalnız “Kəpəz”dən geri qalıb.
“Qəbələ” 6 ev oyununda ümumilikdə 9375 (orta hesabla hər matçda 1563), “Zirə” 6 görüşdə 6850 (1142), “Sumqayıt” 5 qarşılaşmada 6626 (1325), “Səbail” isə 6 matçda 1750 (292) azarkeşin dəstəyini hiss edib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”