[b]Sürünən kimdi: bizim futbolçular, yoxsa xarici klublar?[/b]
29.12.2014 - 13:20
[b]Sürünən kimdi: bizim futbolçular, yoxsa xarici klublar?[/b]

“Transfer pəncərəsi” açılmamış futbolçularımız “üşütməyə” başladılar. Artıq bir çox oyunçumuz legioner həyatı “yaşamağa” hazırlaşır.

 

İndi kimi dindirirsən deyir ki, xaricdən təklif almışam. Sən demə, Avropa komandaları Nurlan Novruzov, Elnur Abdullayev, Ruslan Abışov, Ruslan Qurbanov kimi futbolçulara möhtac imiş, gündüz əllərində fənərlə onları axtarırlar, dallarınca sürünürlər. Gülməlisi də odu ki, futbolçular “fikirləşəcəm” deyirlər. Gör ha, Avropadan təklif gəlir, bunlar cavab verməyə tələsmirlər.

 

Azərbaycanlı futbolçular əvvəllər Türkiyənin birinci liqası üzərindən özlərini reklam eləyirdilər. Elə bilirər ki, bununla ölkə daxilində qiymətlərini artıracaqlar. Guya onların qabında nə olduğunu Azərbaycanda heç kim bilmir də.

 

Yaxşı ki, Türkiyənin I liqası var, hamı ora qaçır, qaçmayan da buna cəhd edir. Son vaxtlar türklərə rəqib tapılıb. İndi kimə zəng vurursan, deyir ki, Rusiya Premyer Liqasından da təklif var. Yenə PTT liqası inandırıcı görünürdü. Ora da Azərbaycandan başqa heç bir ölkənin oyunçusu getməz. Əziyyət çəkib bu boyda yol getməkdənsə, elə qalıb bizim I divizionda oynasınlar da. Bizim I divizionun türklərinkindən nəyi zəifdi? İkisi də həvəskar liqa səviyyəsində olan “bardaq” çempionatdı da.

 

Gör ruslar nə günə qalıblar e? Adamlar 40-50 milyon avroluq oyunçular axtarırlar, bizimkilər də 50 qəpiklik dəyərləri ilə özlərini ora calamağa çalışırlar. Bir Ruslan Abışov getmişdi ki, bunun da bir təsadüf olduğunu görmək üçün çox vaxt lazım olmadı.

 

Bədavi Hüseynovun reklamı isə az qala bütün Avropaya yayılsın. Avropa Liqasında 2-3 babat oyun göstərdi, İngiltərədə, Şotlandiyada, Yunanıstanda “dillər əzbəri” oldu. İndi deyirlər ki, Avropanın aparıcı klubları “Arsenal”, “Olimpiakos”, “Zalsburq”, “Seltik” və “Beşiktaş” Bədavidən ötrü bir-birlərini qırırlar. Başa düşdük, çox yaxşı il keçirdi, amma Azərbaycan səviyyəsinə görə. Rəşad Sadıqov ən yaxşı vaxtlarında gedib Türkiyə Superliqasında normal futbol oynaya bilmədi. Bədavi isə həminki Rəşadın heç yarısı qədər oynamır. Yoxsa “Arsenal” hara, Bədavi hara?

 

Onsuz da, klublarımızın sayı get-gedə azalır. Belə getsə, bir azdan Premyer Liqada klub qalmayacaq. Onda I divizionumuzun dəyəri artacaq. Məncə, özünü reklam edən futbolçularımız indidən I diviziona üz tutub, orda möhkəmlənməyə çalışsınlar.

 

Ruslan SADIQOV