“İyulun 6-da Drezden “Dinamo”su ilə yoxlama matçı keçirəcəyimizi bilirsiniz. Almaniya klubu Avroliqadakı potensial rəqibimiz olan “Koper”in üslubuna xas oyun nümayiş etdirir”. Bunu apasport.az saytına “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.
“Neftçi” Avstriya hazırlıqlarını davam etdirir. Püşkatmanın nəticəsi komandanın hazırlıq planlarında dəyişikliyə səbəb olub.
Sən demə, bu dəyişiklik “Neftçi”nin Fransa çempionatının bürünc mükafatçısı “Lill”ə oyununun baş tutmamağına təsir edib: “İyulun 9-da növbəti hazırlıq matçımızı keçirəcəyik. Hələlik rəqib axtarışları davam edir. Avstriyada olan rəqiblərdən ən güclüsü ilə həmin gün oynamaq istəyirik. Avroliqada ilk oyunumuz evdə olduğu üçün hazırlıq proqramımızda dəyişiklik oldu. Biz əvvəlcədən nəzərdə tutulduğu kimi, iyulun 12-də yox, 10-da Bakıya qayıdacağıq. Halbuki “Lill” və Çexiyanın “Viktoriya” klubları ilə danışıqlar aparırdıq. “Lill” ilə iyulun 12-də oynamalıydıq. Ancaq erkən geri döndüyümüzdən, “Lill”lə oyunu keçirməyəcəyik. Artıq Fransanın elita komandası Çexiyanın “Vısoçina” klubu ilə həmin tarixdə görüş keçirəsi olub. İyulun 10-u səhər saatlarında Avstriyanı tərk edəcəyimizdən, “Viktoriya” ilə də görüşümüz həmin gün baş tutmayacaq”.
Tahir Süleymanov bugünkü yoxlama matçında “Neftçi”nin ikinci heyətlə meydana çıxacağını da nəzərimizə çatdırıb: “Bu gün Rumıniyanın “Botoşani” klubu ilə yoxlama oyunu keçirəcəyik. Məşqçilər heyəti bu görüşdə ikinci heyəti sınayacaq. Çünki əsas heyətin üzvləri dünən “Dinamo”ya qarşı oyuna çıxıb”.
Qeyd edək ki, “Neftçi” dünən Kiyev “Dinamo”su ilə 2:2 oynayıb.
Səbuhi TOFİQOĞLU