[b]Tərlan Əhmədov: İstərdim ki, oyun penalti zərbələrinə qədər uzansın[/b]
02.06.2015 - 20:07
[b]Tərlan Əhmədov: İstərdim ki, oyun penalti zərbələrinə qədər uzansın[/b]

“Təşkilatçılar çox sağ olsunlar ki, 19 il əvvələ qaytardılar bizi. Yoldaşlarla uzun müddət idi ki, görüşə bilmirdik, düzdü hərdən bir telefon zəngləri olurdu, ancaq yaşıl meydanda yenidən bir araya gəlmək çox gözəl hissdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”, “Neftçi” və milli komandamızın keçmiş futbolçusu, hazırda isə AZAL klubunun baş məşqçisi olan Tərlan Əhmədov deyib.

 

Rasim Abuşov, İlham Məmmədov kimi futbolçuların yenidən ölkəmizdə olmasını xüsusi qeyd edən Əhmədov bir araya gələrək yığışıb futbol oynamaqlarının cavanlıqlarını yada saldığını deyib:

 

“Vidadinin Gəncədən gəlməsi, Rasim Abuşovun Rusiyadan, İlham Məmmədovun Almaniyadan gəlməsi çox gözəldi”.

 

19 il əvvəlki oyunla müqayisədə bu oyunun az qollu keçməsinə münasibət bildirən keçmiş “kapitan” indi daha o səviyyədə olmadıqlarını qeyd edib:

 

“Biz də istəyirdik ki, çox qol olsun, ancaq hər halda yaş da özünü göstərir. Daha o səviyyədə deyilik, uşaqlar çoxdandı futbol oynamırlar. Ancaq veteranların bir yerə toplaşmağı, yenidən diqqət mərkəzinə gəlmələri çox mütərəqqi hadisədi. Bunun üçün AFFA və PFL rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm”.

 

Sabahkı final oyunu ilə bağlı da fikir bildirən Tərlan Əhmədov hər iki komandanın ona doğma olduğunu deyib:

 

“Sabah sabiq komandalarım oynayacaq. Hər iki komandaya azarkeşlik edəcəm. Düşünürəm ki, iki komandanın da şansları bərabərdi. Məndən olsa, istəyərdim ki, oyun penaltilərə qədər uzansın.  Çünki, penalti bəxtəbəxt olan şeydi. Kimin bəxti gətirsə, o da qalib gələr”.