[b]Tərlan Əhmədov özünü günahlandırdı: Oyunçuları matça kökləyə bilmədim[/b]
24.04.2016 - 18:59
[b]Tərlan Əhmədov özünü günahlandırdı: Oyunçuları matça kökləyə bilmədim[/b]

“Söz tapmıram. Açığını deyim, bu oyunun ağır keçəcəyini bilirdim. Bu barədə oyunçuları xəbərdar etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXXI turunda səfərdə “Rəvan”a məğlub olan AZAL-ın baş məşqçisi matçdan sonra fikirlərini bölüşüb: “Məğlubiyyətin əsas günahkarı mənəm. Çünki, oyunçuları bu matça kökləyə bilmədim. Futbolçular hansısa komandaya qarşı çıxış edərkən, ilk öncə bu komandanın turnir cədvəlindəki mövqeyinə baxırlar. Səfər oyunlarındakı sindromumuz da var. Onları günahlandırmıram. Əksinə təşəkkür edirəm. Rəqib daha istəkli idi, təbrik edirəm. Qarşıda ağır oyunlarımız var. Bu oyunu unudub, gələn oyunlara köklənməliyik”.


- Bu matçda çox əsəbi görünürdüz...
- Bəli, bir qədər əsəbi idim. Çünki futbolçular potensialından aşağı çıxış etdilər. Bir neçə itkimiz də var idi. Murad Səttarlı və Emin Cəfərquliyevin yoxluğu öz təsirini göstərdi. Bundan nəticə çıxarıb, qarşıdakı oyunlara köklənməliyik.

0