Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın yeni komandası “Gənclərbirliyi”də işləri yolunda gedir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxt klubunun baş məşqçisi Ümit Özat qış fasiləsində “Bursaspor”dan transfer edilən forvardla bağlı müsbət fikirdədi.
2018-ci ildə Superliqada keçirdiyi 6 matçın 3-də qələbə qazanıb, 3-də heç-heçə edən “Gənclərbirliyi”nin bu uğurunda yeni transferlərin də rolu xüsusi vurğulanıb. Həmkarlarımız yavaş-yavaş əvvəlki formasını bərpa edən Dənizin tezliklə əsas heyətdə möhkəmlənəcəyini düşünürlər. Onunla yanaşı, “Monpelye”dən alınan Stefan Sessenyonun da “Gənclərbirliyi”nin gücünə əlavə güc qatdığı bildirilib.
Qeyd edək ki, 10 turdu məğlubiyyət üzü görməyən “Gənclərbirliyi” xallarının sayını 26-ya çatdırıb və təhlükəli zonadan uzaqlaşaraq, turnir cədvəlinin 13-cü pilləsinə qədər irəliləyib. Dəniz Yılmaz isə yeni komandasının heyətində 158 dəqiqə meydanda qalıb.