“Məşqçilər Komitəsi yaradıldığı gündən bir çox görüşlər keçirib. I Divizion klubları diqqətimizdən kənarda qalmışdı. Onlarla da görüşlər keçirəcəyik. “Qaradağ Lökbatan” klubunun prezidenti və baş məşqçisi ilə artıq görüşdük. Bu görüşlər davam edəcək. Növbəti həftəni məhz I Divizion klublarına həsr edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təkliflər paketi hazırladıqlarını deyən təcrübəli mütəxəssis orda bir çox məqamlara yer ayırdıqlarını vurğulayıb: “Təkliflərimiz çoxdu. Layihələr paketi olacaq. O vaxtdan deyirəm ki, vahid sistem yaratmaq lazımdı. Premyer Liqa və I Divizion klubları arasında bağlılıq olmalıdı. I Divizionda çıxış edən komandalar bilməlidilər ki, nə üçün oynayırlar. Yəni motivasiyaları olmalıdı. Aşağı dəstədə ilk yerləri tutanlar Premyer Liqada oynamaq hüququ qazanmalıdılar”.
Sadıqovun sözlərinə görə, uşaq və bölgə futboluna da dair təkliflər hazırlanır: “Sağlam qüvvələri bir araya gətirmək lazımdı. Uşaq komandalarına yerli məşqçilərin cəlb olunması məsələsini də qeyd edərdim. Bölgə futboluna dair də təkliflər hazırlamışıq. Bütün bunları mərhələli şəkildə hazırlamalıyıq”.