“Almaniyaya nə Dmitri Nazarov, nə də Rüfət Dadaşov üçün getmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin idman direktoru Vəli Qasımov deyib.
Bu yaxınlarda Almaniyaya yollanan mütəxəssis ordan əliboş qayıdıb. Belə ki, Qasımovun izləmək üçün yollandığı futbolçu onun diqqətini cəlb edə bilməyib.
“Neftçi”nin idman direktoru bildirib ki, izlədiyi oyunçu nə azərbaycanlı, nə də türk olub: “Mən Almaniyaya 1 futbolçuya görə getmişdim. O nə azərbaycanlıdı, nə də türk. Yəni, millilərimizə çağırılan futbolçulardan deyil. Getdim izlədim, onu bəyənmədim. Durub desəm ki, almandı, deyəcəklər ki, azərbaycanlı getdi, almanı bəyənmədi. Buna görə də, kim olduğunu, hansı komandada oynadığını demək istəmirəm”.
Qeyd edək ki, Rauf Əliyev və Mirhüseyn Seyidovla yolları ayıran, Elvin Yunuszadəni isə transferə çıxaran “Neftçi” hələ ki, heyətinə heç bir futbolçu qatmayıb.