[b]Veteranlar üçün stimul və ya mundiala son addım[/b]
11.04.2016 - 12:39
[b]Veteranlar üçün stimul və ya mundiala son addım[/b]

Sabah futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək mundialda “Köhnə qitə”ni təmsil edəcək 7 komanda müəyyənləşəcək.

 

Bu, pley-offun cavab oyunlarından sonra bəlli olacaq. Kolumbiyaya vəsiqələrə 14 iddiaçı arasında Azərbaycan yığması da var. Millimiz sabah Hollandiya ilə cavab matçına çıxacaq.

 

Faustino Peresin yetirmələri “narıncılar”ı keçsə, tarixində ilk dəfə dünya çempionatında yüksələcək. Martın 22-də Almiere şəhərində keçirilən ilk qarşılaşmada meydan sahiblərinə “dərs keçib”, 5:1 hesablı qələbə qazanan yığmamız vəzifənin öhdəsindən böyük ölçüdə gəlib.

 

Yığmamız “Zanbaqlar ölkəsində” əldə etdiyi böyük üstünlüyü qorumalıdı. 4 il əvvəl pley-offda Rusiyaya uduzub, tarixi şansı əldən qaçıran millimiz bu dəfə imkandan maksimum yararlanmağa çalışacaq.

 

Bu, komandamızın bəzi üzvləri üçün dünya çempionatına yollanmaq üçün son şansdı. Yaşı 30 və daha çox olan veteranların növbəti mundialı düşünməsi inandırıcı olmadığından ələ düşən fürsətdən yararlanıb, ilkə imza atmalıdılar. Elə bu məqam da yığmanın aparıcı üzvləri üçün əlavə stimuldu.

 

Əvvəlki 7 dünya çempionatından üçünə qatılmayan, üçünü seçmə, birini pley-offda bitirən millimiz mundial yolunda 19-cu qarşılaşmaya çıxacaq. Əvvəlki görüşlərdə 8 qələbə qazanıb, 4 heç-heçə edib, 6 dəfə uduzan futzalçılarımız meydana 80-ci qolu vurmağa çıxacaq. İndiyədək 79 dəfə fərqlənən komandamız 58 top buraxıb.

 

Komandamız sabahkı rəqibini ayrı-ayrı futzalçılarının fərdi göstəricilərinə görə də arxada qoyur. DÇ-2016-nın Avropa zonasının seçmə və pley-off mərhələlərində hərəyə 6 qol vuran Vitali Borisovla Eduardo bombardirlər yarışında da ön sıralardadı. Portuqaliyalı Kardinaldan bir top geri qalıb, 2-ciliyə şərik olan futzalçılarımız liderliyə yüksəlmək üçün Hollandiya ilə qarşılaşmada məhsuldarlıq göstərməlidi.

 

Belə bombardirlik keyfiyyətlərinə malik oyunçuları olan yığmamız assistentləri ilə də öyünə bilər. Yığmamızın təcrübəli oyunçucu Rizvan Fərzəliyev 4 məhsuldar ötürmə ilə bu göstəricidə Avropada 2-ciliyə şərikdi. Bombardirlərimiz Borisovla Eduardo da hərəyə 3 qol ötürməsi verib. Öncüllər sırasında Hollandiya yığmasının üzvlərinin olmaması isə komandamızın rəqibindən üstünlüyünü göstərir.

 

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma 20:00-da başlayacaq.

 

DÇ-2016-nın pley-off mərhələsi

Cavab oyunu

12 aprel

20:00. Azərbaycan - Hollandiya

Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)

UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)

Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)

Bakı İdman Sarayı

0