“Nəticə bizim üçün yaxşı olmadı. Xüsusilə, ikinci hissədə çox bərbad oynadıq. Niyə belə alındı, bunu deyə bilməyəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun hücumçusu Viktor Mendi deyib.
Topaz Premyer Liqasının XXII turunda “Neftçi”ni qəbul edən “Qəbələ” hesabı açan tərəf olsa da, bu üstünlüyünü sona qədər qoruya bilmədi. Əyalət təmsilçisi fasilədən sonra meydana nə üçün çıxdığını sanki unutmuşdu. Olduqca zəif təsir bağışlayan “qırmızı-qaralar” bunun nəticəsi olaraq, qapısından 3 top buraxdı. Nəticədə “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi 4-cü oyunda 3-cü məğlubiyyəti ilə barışdı.
Klub prezidentinin də izlədiyi oyunun bu cür yekunlaşmasını isə komandanın əsas hücumçusu izah edə bilmir: “Tam izah edə bilməyəcəm. Amma xətlərarası əlaqənin artırılması, gücləndirilməsi vacibdi. Bunun üçün çox çalışmalıyıq. Təbii ki, meydanda olan futbolçuların hamısı qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma buna nail olmaq üçün nəsə çatmadı. Bunun üzərində işləməliyik. Fasilədən sonra baş məşqçi müəyyən dəyişikliklərə əl atdı. Buna hörmətlə yanaşmalıyıq. Növbəti oyunda bu uğursuzluğa son qoymalıyıq”.
Matçın dönüş nöqtəsi kimi Mendinin birinci hissədə real qol şansını dəyərləndirmək əvəzinə, özünü yerə atması göstərilir. Hücumçu həmin epizod zamanı niyə bu cür qərar verdiyini belə izah edib: “Həmin epizod zamanı həqiqətən də simulyasiya var idi. Qapıçını keçsəm də, qol vurmaq üçün epizodun ürəkaçan olmadığını gördüm. Çünki rəqib qolkiper də mövqeyini vaxtında tərk etmişdi. Baxdım ki, həmin vaxt yıxılmayıb, qaçmağa davam etsəm, topu qapıya vurmağım çətin olacaq. İti bucaq altından zərbə zamanı top “çərçivə”yə düşməyə bilər. Buna görə də özümü qəsdən yerə atdım. Amma hakim düzgün qərar verdi, mənim qəsdən yıxıldığımı bildi. Onun qərarına hörmətlə yanaşıram və düzgün olduğunu deyə bilərəm”.