[b]Yaşar Vahabzadə: Klub rəhbərləri xahiş etdilər ki...[/b]
17.02.2015 - 17:57
[b]Yaşar Vahabzadə: Klub rəhbərləri xahiş etdilər ki...[/b]

“Deniz Topçunu Malta ilə yoxlama görüşündə oynatmışdıq. Onu yenə toplanışa dəvət etdik. Məqsəd onun oyununa bir də baxmaqdı”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

 

Fevralın 20-26-da Antalyada təlim-məşq toplanışı keçəcək U-21-in çalışdırıcısı toplanışa 17 futbolçu çağırıb.

 

Siyahıda Türkiyənin “Əskişəhərspor” klubunun oyunçusu Deniz Topçunun da adı var. Həmin futbolçu ilə bağlı danışan Vahabzadə başqa məqamlara da toxunub: “Topçu ilk toplanışda özünü pis tərəfdən göstərməmişdi. Müdafiənin sağ cinahında çıxış edir. Bununla belə, onu gələn ay keçiriləcək toplanışa dəvət edib-etməyəcəyimiz bilinmir. Antalyada da özünü göstərə bilsə, yenə çağıracağıq. Qalan uşaqları isə hamınız yaxşı tanıyırsız. Daha bir neçə nəfəri məcburiyyətdən toplanışa cəlb edə bilmədik. “Neftçi” və AZAL-ın üzvləri məlum səbəbdən bu dəfə kənarda qalacaqlar. Bundan əlavə, I Divizion klublarından da bir neçə nəfəri Antalyaya aparmaq istəyirdik. Ancaq fevralın 20-də oyunları olduqlarından, həmin klubların rəhbərləri zəng edib xahiş etdilər ki, bu toplanışa onlardan heç bir futbolçunu dəvət etməyək”.

 

Vahabzadə U-21-in daha 5 üzvünün isə əsas milli ilə birgə toplanış keçəcəyini dilə gətirib: “Emil Balayev, Coşqun Diniyev, Namiq Ələsgərov, Elvin Camalov və Orxan Əliyev bizim oyunçulardı. Amma onlar bu dəfə əsas milliyə dəvət alıblar. Biz Robert Prosineçki ilə danışmışıq. Antalyada həmin futbolçuları hər ikimiz yoxlaya bilərik. Yəqin ki, bəzilərini əsas millinin, bəzilərini isə U-21-in yoxlama görüşündə sınaqdan keçirəcəyik”.