[b]Yenə pankart: Böyükağa Hacıyevlə gürcü futbolçular arasında münaqişə yarandı[/b]
07.08.2014 - 23:36
[b]Yenə pankart: Böyükağa Hacıyevlə gürcü futbolçular arasında münaqişə yarandı[/b]

Azərbaycan kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirdiyi cavab oyunu da qalmaqalsız ötüşmədi. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin 3:2 hesabıyla qalib gəlib (ilk oyun 0:0) mərhələ adladığı səfər qarşılaşması da gərginliyi ilə diqqət çəkdi.

 

"Neftçi"nin vurduğu üç qolun müqabilində meydan sahibləri cəmi iki dəfə fərqlənə bildilər. "Çixura"nın azarkeşləri isə komandalarını cılğıncasına dəstəkləməyə çalışdılar.

 

Bakıdakı oyunda açdıqları qalmaqallı xəritə ilə qalmaqal yaradan gürcü fanatlar bu görüş zamanı da sakit durmadılar. Belə ki, qarşılaşmanın gedişi zamanı tribunada bir plakat açıldı. Rusiyanın prezidenti Vladimir Putinlə bağlı olan bu plakatda konkret nə yazıldığını müəyyənləşdirmək mümkün olmadı. Çünki gürcü polislər dərhal həmin plakatı yığışdırmağa nail oldular.

 

Oyunun gedişində Böyükağa Hacıyevlə rəqib futbolçular arasında da kiçik münaqişə yarandı. Belə ki, "Çixura"nın futbolçusu aut atarkən Hacıyev yaxınlığındakı topu bilməyərəkdən ona tərəf ötürdü. Bunu vaxt aparmağa hesablanmış addım hesab edən rəqib futbolçular, eləcə də meydana toplaşan azarkeşlər isə buna etirazlarını bildirdilər (futbolinfo.az).