Azərbaycan millisinin sabiq məşqçisi Elxan Abdullayevin işsiz günləri başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, son olaraq “Neftçi”ni çalışdıran mütəxəssis gələn mövsüm yenidən sevimli peşəsi ilə məşğul olmağa yaxındı.
Ötən il, avqustun 21-də “Neftçi”dən istefa verən Abdullayevin növbəti dayanacağı çox güman ki, “Sumqayıt” olacaq. Ancaq onun “gənclik şəhəri” təmsilçisində baş məşqçi postunu tutması gözlənilmir.
“Sumqayıt”ın yeni rəhbəri Riad Rəfiyev yaxşı münasibətdə olduğu mütəxəssisin işsiz qalmasından narahatdı. Bu səbəbdən o, Abdullayevi yanına aparmağın planlarını cızır. Təbii ki, komandanın uğurlu çıxışı və yerli azarkeşlərin baş məşqçi Samir Abasova olan sevgisi yığmamızın sabiq məşqçisinin “patron” olmaq şansını hələlik heçə endirir. Bunu nəzərə alan Rəfiyev dostuna yeni klubunda bir iş tapmağa çalışır. Hazırkı vəziyyətdə ən ideal vəzifə Abasovun köməkçisi olmaqdı.
Hər halda, məşqçilik karyerası ərzində əsasən köməkçi kimi çalışmış Elxan Abdullayevin buna “yox” deməsi inandırıcı deyil. Bu üzdən 48 yaşlı mütəxəssisi yeni mövsümdən böyük ehtimalla “Sumqayıt”da görəcəyik.
Təbii ki, digər mütəxəssislər kimi, Elxan Abdullayev də məlumatı təkzib edib. O, əməkdaşımızla söhbətində bundan məlumatsız olduğunu söyləyib: “Mənim bütün klubların prezidentləri ilə münasibətim çox yaxşıdı. Münasibətin olması o demək deyil ki, həmin komandaya keçməliyəm. İnsanı peşəkarlığına görə işə götürmək lazımdı, dost-tanışlığa, münasibətə görə yox. Digər tərəfdən, bunu məndən yox, Riad Rəfiyevdən soruşmaq lazımdı”.
Qeyd edək ki, Kamran Quliyevin bu yaxınlarda “Neftçi”yə keçidindən sonra Riad Rəfiyev “Sumqayıt”ın prezidenti postuna təyin olunub.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ