“Qəbələ” kimi klubla müqavilə bağladığıma sevinirəm”. Apasport.az xəbər verir ki, bu sözləri Slovakiya mətbuatına açıqlamasında “Qəbələ”nin yeni transferi Pavol Farkaş deyib.
Slovakiyalı müdafiəçi Azərbaycana gəlişi haqqında danışıb: “İtaliya birinci divizionunda oynamaq istəmirdim. Yeni gələn təklifləri dəyərləndirirdim. Ukraynada “Zaparojye”, Kipr və Oman klubları məni heyətində görmək istəyirdi. Amma Azərbaycandan da təklif gəldi. “Qəbələ”nin şərtləri məni qane edirdi. Ona görə də seçimimi bu klub üzərində etdim. Həmçinin, komandanın baş məşqçisi Dorinel Muntyanunu “Vasluy”dan tanıyırdım. Bu da seçimimə təsir etdi”.
Farkaş komandanın Avropa Liqasında çıxışı haqqında fikirlərini bildirib: “Qəbələ” Avropa Liqasında oynayır. Bu, çox yaxşı haldır. Düzdü, ilk oyunda komandamız uduzub. Amma istənilən halda, növbəti mərhələ şanslarımız qalır”.
29 yaşlı futbolçu yeni gəlsə də, Azərbaycan Premyer Liqası haqqında məlumata malik olduğunu deyib: “Bura maraqlı yerdir. Bu ölkənin çempionatı haqqında da məlumat toplamışam. “Qarabağ”, “Neftçi”, “İnter” və “Xəzər Lənkəran” kimi güclü klublar var. Avropadan yüksək keyfiyyətli futbolçular Premyer Liqada oynamağa gəlir. Liqanın səviyyəsi heç də aşağı deyil. İnanıram ki, mənim üçün də uğurlu olacaq. Komandama kömək edə biləcəyəm”.