[b]Yığmamız yenidən Avropa səhnəsində[/b]
31.10.2015 - 17:24
[b]Yığmamız yenidən Avropa səhnəsində[/b]

2017-ci ildə keçiriləcək kişi voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bir müddət analoji yarışdan kənar qaldıqdan sonra 2 il əvvəl Avropa səhnəsində qayıdan Azərbaycan millisi də bu dəfə də mübarizəyə qatılacaq.

 

Meydan sahibi olan Polşa, həmçinin Fransa, Sloveniya, İtaliya, Bolqarıstan, Rusiya və Serbiya seçmə mərhələdə iştirak etməyəcək. Digər 31 komanda 3 seçmə mərhələdə çıxış edəcək.

 

Azərbaycan da daxil olmaqla, 12 yığma 1-ci raundda 3 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri, həmçinin iki ən yaxşı qrup ikincisi mərhələ adlayan 5 komandanı təşkil edəcək. Bu mərhələnin oyunları 2016-cı il mayın 19-22-də baş tutacaq.

 

Yığmamız İsveç, İsveçrə və Gürcüstanla görüşəcək. Qrupun oyunlarına kimin ev sahibliyi edəcəyi hələ dəqiqləşməyib.

 

Mübarizəyə 2-ci seçmə mərhələdən başlayan 19 komanda və əvvəlki raundun 5 xoşbəxti 6 qrupa bölünəcək. Onlar gələn il sentyabrın 15-18 və 22-25-də iki dövrədə qalibləri müəyyənləşdirəcək.

 

Azərbaycan millisi 1-ci mərhələni qalib kimi başa vursa, Finlandiya, Portuqaliya, Danimarka ilə üz-üzə gələcək.

 

1-ci mərhələ

1-ci qrup

İsveç, Azərbaycan, İsveçrə, Gürcüstan

2-ci qrup

Avstriya, Lüksemburq, Moldova, Litva

3-cü qrup

İsrail, Macarıstan, Norveç, İngiltərə

 

2-ci mərhələ

A qrupu

Almaniya, İspaniya, Monteneqro, 1-ci mərhələnin qrup ikinciləri arasında 2-ci nəticə

B qrupu

Finlandiya, Portuqaliya, Danimarka, 1-ci qrupun qalibi

C qrupu

Belçika, Yunanıstan, Ukrayna, 1-ci mərhələnin ən yaxşı qrup ikincisi

D qrupu

Slovakiya, Latviya, Xorvatiya, 3-cü qrupun qalibi

E qrupu

Hollandiya, Türkiyə, Belarus, 2-ci qrupun qalibi

F qrupu

Çexiya, Estoniya, Makedoniya, Rumıniya

 

2-ci seçmə mərhələnin 6 qalibi Polşadakı final mərhələsinə yüksələcək. Həmin turnirə son 3 vəsiqənin sahibi isə 3-cü seçmə mərhələsində bəlli olacaq.

 

Bu raundda 2-ci seçmə mərhələnin qrup ikinciləri üz-üzə gələcək. 6 komanda 2017-ci il mayın 16-17 və 20-21-də görüşəcək.

 

3-cü seçmə mərhələ

E2 – B2

A2 – C2

D2 – F2

0