Fevralın 20-dən 26-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının planları dəyişib. Apasport.az saytının məlumatına görə, dəyişikliklər Yaşar Vahabzadənin yetirmələrinin keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqiblərlə bağlıdı.
Futbolçularımız Qananın U-21 yığması ilə fevralın 23-də deyil, iki gün sonra – ayın 25-də, Bakı vaxtı ilə saat 19:30-da qarşılaşacaq. Komandamızın digər rəqibi isə Qazaxıstanın “Atırau” klubu olacaq. Belə ki, yığmamızın Çinin “Hunan Billows” klubu ilə qarşılaşması baş tutmayacaq. Qazaxıstan təmsilçisi ilə görüş fevralın 23-də, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Mənbə: affa.az