[b]Yığmaya qayıdanlar, debütünü gözləyənlər, 4 ölkədən gələnlər[/b]
20.08.2015 - 17:46
[b]Yığmaya qayıdanlar, debütünü gözləyənlər, 4 ölkədən gələnlər[/b]

Azərbaycan millisinin bu gün açıqlanan siyahısında 30 futbolçu yer alıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin növbəti iki oyunu üçün nəzərdə tutulan heyətdə bir sıra məqamlar diqqət çəkir.

 

Üç ilk. Üç futbolçu karyerasında ilk dəfə əsas milliyə dəvət alıb. Bunlar Seymur Əsədov, Ürfan Abbasov və Nurlan Novruzovdu. İndiyədək yığmanın toplanışlarına cəlb olunmayan gənc futbolçular klublarında göstərdikləri oyuna görə Robert Prosineçkinin diqqətini cəlb edib.

 

Üç qayıdış. Baş məşqçinin siyahısında yer alan üç futbolçu isə ilk dəfədi xorvatiyalıdan dəvət alır. Tərlan Quliyev və Rəhman Hacıyev əvvəllər də hazırlıqlara qatılsa da, Rauf Əliyev əvvəllər millinin aparıcı üzvü olub. Lakin hücumçu 2015-ci ilin ilk yarısında yaxşı təsir bağışlamadığından komandaya çağırılmayıb. Ötən ilin sonlarında baş məşqçi təyin olunan Peosineçki isə məhz bu il ilk toplanışını keçirib. İl ərzində 4-cü dəfə heyət açıqlayan mütəxəssis əvvəlki 3 halda Əliyevə də şans verməmişdi.

 

Yenidən yığmada. Üç futbolçu 2015-ci ildə yığmaya çağırılsa da, iyunda baş tutan son toplanışda iştirak etməyənlərdi. Rəşad Sadiqov, Eddi İsrafilov və Səlahət Ağayev yenidən yığmanın sıralarında olacaq.

 

Dördü getdi. Əvəzində iyun hazırlığına çağırılan 4 futbolçunun adı bu dəfə siyahıda yoxdu. Bunlar Maksim Medvedev, Cavid Hüseynov, Emil Balayev və Tuğrul Eratdı. Sonuncu yay hazırlığına çağırılsa da, sonradan siyahıdan çıxarılmışdı.

 

Debütünü gözləyən “doqquzluq”. Yığmaya çağırılan 30 futbolçudan 9-u millidə hələ rəsmi matça çıxmayıb. İlk dəfə komandaya dəvət alan Seymur Əsədov, Ürfan Abbasov, Nurlan Novruzov, həmçinin əvvəllər çağırılan Rəhman Hacıyev kimi daha 5 futbolçu debüt anını gözləyir. Bunlar elə 2015-ci ildə də yığmaya dəvət alan Aqil Məmmədov, Cavid Tağıyev, Elvin Camalov, Elnur Cəfərov və Pavel Paşayevdi. Sonuncu 6 oyunçu toplanışların iştirakçısı olsa da, rəsmi matça qatılmayıb.

 

“Qarabağ” hamıdan öndə. Yığmadakı təmsilçi sayında “Qarabağ” hamını qabaqlayır – 7 futbolçu. “Qəbələ” və “Neftçi” hərəsi 5, “Xəzər Lənkəran” 4, “İnter” 2 oyunçusunu milliyə verəcək. İlk dəfə ölkənin əsas komandasına futbolçu verən “Zirə”, həmçinin AZAL və “Kəpəz”in hərəsindən 1 futbolçu Prosineçkinin siyahısına düşüb.

Digər 4 oyunçu isə xarici klubları – “Karşıyaka” (Türkiyə), “Karlsrue” (Almaniya), “Metallurq” (Ukrayna), “Eybar” (İspaniya). Bu 4 klub eyni sayda ölkəni təmsil edir.