Topaz Premyer Liqasının XXXII turunda “Simurq” üzərində qələbə qazanan “Qəbələ” klubunun baş məşqçisi oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, rusiyalı çalışdırıcı 1:0 hesablı qələbədən razı qaldığını bildirib: “Bizim üçün çox çətin oyun idi. Çünki, iki gün öncə kubokun yarımfinalında ağır oyun oynadıq. Əsas heyətdə 4 yeni oyunçuya şans verdik, onlar da kifayət qədər yaxşı oynadı. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı. Nəticədən və futbolçularımın meydanda gördüyü işdən razıyam. Subotiçi sarı vərəqə almaması üçün ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Ebesilio ilə ikisi topun yanında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə məhz Subotiçə göstərilir. O, növbəti oyunu buraxacaq. Vərəqənin niyə məhz ona göstərildiyini başa düşmürəm”.