[b]"Bakı"da növbəti fırıldaq: Futbolçuların pullarını oğurladılar [/b]
09.06.2014 - 10:32
[b]"Bakı"da növbəti fırıldaq: Futbolçuların pullarını oğurladılar  [/b]

Maliyyə çətinlikləri içində çabalayan "Bakı"yla bağlı ilginc xəbərlər gəlməkdə davam edir. Apasport.az saytının xəbərinə görə, neçə aylardı futbolçuların maaşını, təlim-məşq bazasının kommunal xərclərini ödəyə bilməyən klubda daha ciddi problemlər var.

 

Belə ki, "Bakı"nın bəzi futbolçuları yaxınlarda şok xəbərə üzülüb. Klub rəhbərliyinə yaxın banklardan birinə (əslində, söhbətin hansı bankdan getdiyi aydındı, amma (anti)reklam olmasın deyə ad yazmırıq – red.) pulunu götürmək üçün gedən futbolçular hesablarında qara qəpik də olmadığını görüblər. Onlar pullarını depozit kimi qoymaqla əlavə faiz qazanmaq istəsələr də, əllərindəkini də itiriblər.

 

Ən çox ziyan isə Əfran İsmayılova dəyib. Banka 400 min dollarını etibar edən yarımmüdafiəçinin hesabında indi yalnız bircə 0 var. Futbolçular bunun səbəbini araşdırarkən isə bəlli olub ki, klubdan futbolçuların adına kredit götürülüb. Uzun müddət həmin kreditlər ödənilmədiyi üçün bank məcburən köçürülməli olan məbləği həmin depozit puldan çıxıb, beləcə hesabdakı məbləğ tükənib. Bunu kimin etdiyini aydınlaşdıra bilməsək də, problemi maliyyə çətinliklərini həll etmək üçün bu yola əl atan klub rəhbərliyinin yoluna qoymalı olacağı aydındı. Amma söhbət elə məbləğlərdən gedir ki, bunu kommunal xərcləri belə ödəyə bilməyən "Bakı" rəhbərliyinin həll edəcəyi şübhəlidir (futbolinfo.az).