Avropa Liqasındakı təmsilçimiz “Qəbələ”nin V turda PAOK-la keçirəcəyi qarşılaşmanın hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, Salonikidə baş tutacaq görüşdə Danimarka təmsilçiləri ədaləti qoruyacaqlar.
Qarşılaşmanın baş hakimi Yakob Kehlet olacaq. Ona həmyerliləri Henrik Larsen və Lars Riks kömək edəcəklər. Lars Hummelqard 4-cü hakim kimi fəaliyyət göstərəcək. Mads-Kristoffer Kristoffersen və Peter Kyesqard-Andersen isə əlavə hakim köməkçiləri funksiyasını yerinə yetirəcəklər.
Qitə futbol qurumu hakim-inspektor kimi şotlandiyalı Uilyam Yanqa təyinat göndərib. UEFA nümayəndəsi qismində isə belçikalı Kris Bellon Yunanıstana yollanacaq.
2012-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rubin” – “Neftçi” oyununda əlavə köməkçi hakim funksiyasını yerinə yetirmiş Kehlet bu mövsüm “Monako” – “Qarabağ” görüşünün baş hakimi olub. Hər iki matç meydan sahibi olan komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, PAOK – “Qəbələ” oyunu noyabrın 26-da “Tumba” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.