“Qarabağ” çox yaxşı komandadır. Bir neçə xüsusi qeyd etməli qeyri-adi istedada malik əcnəbi futbolçuları var”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.
Dünən Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu olan “Qarabağ” – “Valletta” görüşünü Tofiq Bəhramov adına Respublika stadionundan izləyənlər arasında “Zalsburq”un baş məşqçisi də olub.
Avstriya çempionunun çalışdırıcısı Bakı təəssüratları haqqında danışarkən azərbaycanlı azarkeşlərin çılğınlığını da vurğulamağı unutmayıb: “Bundan əlavə, bizi Bakıda olduqca fanatik və yüksək çılğınlığa malik olan azarkeşlər gözləyir. Lazımdır ki, 2 oyuna da tam diqqətimizlə hazırlaşaq”.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Zalsburq” cütünün ilk görüşü iyulun 30-da olacaq.