AFFA tərəfindən “İnter”ə təyin olunmuş idman direktoru Torsten Şpittlerin fəaliyyəti bu klubda qısa sürüb. Apasport.az saytının əldə etdiyi məlumata görə, almaniyalı mütəxəssisin fəaliyyəti klub rəhbərliyini razı salmayıb.
Belə ki, o, “İnter”də Uşaq və Gənclərin İnkişafı Layihəsinin rəhbəri Valentin Xodukin olduğu halda, məşqçilərlə özbaşına şəkildə görüşlər təşkil edirmiş. Ümumiyyətlə, əvvəlcədən bu təyinata razı olmayan Bakı klubunu Şpittlerin nəzəri və təcrübi metodikası da qane etməyib. Ona görə də Şpittler təxminən 1 həftə əvvəl “İnter”i tərk etməli olub. Almaniyalı artıq uzun müddətdir ki, idman direktoru axtaran “Bakı”da peyda olub.
Artıq “İnter” tərəfi bu haqda AFFA-nı məlumatlandırıb. Yaxın günlərdə bu kluba yeni idman direktorunun təyin olunacağı gözlənilir. Ancaq o da ola bilər ki, bu postda elə ukraynalı Xodukin çalışsın.
Qeyd edək ki, Torsten Şpittlerin adı ilk dəfə noyabrda ölkə futbol ictimaiyyətinə bəlli olmuşdu. O, noyabrda hazırda U-19-un baş məşqçisi olan Nikolay Adamla birgə A kateqoriyalı məşqçi kurslarına rəhbərlik etmişdi. Şpittler ölkəmizə gəlməzdən əvvəl Mozambik Futbol Federasiyasında texniki direktor və Malayziyanın “Perak” klubunda baş məşqçi işləyib.