AFFA İntizam Komitəsi (İK) I dəstənin XXVII turu ilə bağlı qeydə alınan qayda pozuntuları ilə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, Qusarda keçirilən bol qollu keçən “Şahdağ” – “Qaradağ Lökbatan” matçında (3:3) baş hakim Elvin Əsgərovun təhqir olunması cavabsız qalmayıb.
Premyer Liqadan məhz bu oyunu idarə etmək üçün göndərilən Əsgərov “Şahdağ”ın vurduğu 3-cü qola görə Ramal Hüseynov tərəfindən təhqir olunub. Buna görə də 69-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan millimizin sabiq futbolçusu İK tərəfindən 4 oyunluq cəzaya məhkum edilib. “Qaradağ Lökbatan” isə Hüseynova görə 400 manat cərimə ödəyəcək.
Gəncədə keçirilən qərb derbisi də qalmaqalla yadda qalıb. Premyer Liqadan qovulmuş Anar Niyazovun idarə etdiyi “Kəpəz” – “Şəmkir” matçının 43-cü dəqiqəsində Xəyal Zeynalovla Ramil Sadiqov bir-birini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıblar. İK hər iki oyunçuya 3 oyunluq cəza, klublarına isə 200 manat cərimə ödəmək əmri verib.
Bundan başqa, “Bakılı” – “Neftçala” matçında meydan sahiblərinin hücumçusu Samir Mustafayev və “Göyəzən” – “Mil-Muğan” görüşündə qonaqların qapıçısı Şöhrət Rəhimov 1 oyunluq cəzalandırılıb, klubları isə 20 manatlıq cərimələndirilib.