Ağabala Ramazanov: Qismətimdə oynamaq yox, zədə varmış - MÜSAHİBƏ
15.10.2014 - 12:35
Ağabala Ramazanov: Qismətimdə oynamaq yox, zədə varmış  - MÜSAHİBƏ

Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanovun apasport.az saytına müsahibəsi

 

- Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya ilə görüşündə əsas yığmada debüt etdiniz. Bu barədə nə deyə bilərsiniz?

- Oyuna istəkli çıxmışdım. Amma 10 dəqiqə oynadıqdan sonra zədələndim. İndiyədək karyeramda belə uğursuzluqla üzləşməmişəm. Deməli, qismət belə imiş. Görünür, qismətimdə oynamaq yox, zədə varmış.

 

- Oyun ərzində bunu dəqiqləşdirmək mümkün olmadı. Qara Qarayev zədələndiyi üçün onu əvəzlədiniz, yoxsa?

- Yox. Bu, məcburi əvəzetmə deyildi. Qaranı baş məşqçi dəyişdi. Hesabda geri olduğumuz üçün daha çox hücumameylli oynamalı idik.

 

- Zədəniz nə yerdədi?

- Deyəsən, arxa əzələm cırılıb. Bakıda MRT müayinəsindən keçdikdən sonra zədəmin ciddiliyinə aydınlıq gələcək. Xorvatiyada MRT-dən keçməyə imkan olmadı, gec idi. Yəqin ki, ən azı 1 ay oynaya bilməyəcəyəm.

 

- 0:6 hesabı haqqında nə deyə bilərsiniz?

- Xorvatiya ilə matç haqqında heç nə danışmaq istəmirəm. Konkret olaraq oyunumuz alınmadı. Biabırçı şəkildə məğlub olduq.

 

- Məğlubiyyətin səbəbini nədə görürsünüz? Bəlkə taktika düzgün seçilməmişdi...

- Əslində, görüşə 4 müdafiəçi ilə başlamışdıq. Sonradan matçın gedişinə uyğun olaraq, 5 müdafiəçi ilə oynamalı olduq. Bunu taktika ilə bağlamaq düzgün deyil. Uduzmuşuqsa, hamımız uduzmuşuq. Öz səhvimizdən yenilmişik.

 

- Berti Foqts mətbuat konfransında məğlubiyyətdə günahı futbolçularda görüb. Siz də bununla razılaşırsınız?

- (gülür) Elə bilirsə, qoy elə olsun. Nə bilim, vallah...

 

Səbuhi TOFİQOĞLU

0