Argentina - Hollandiya yarımfinalının ertəsi günü səhər məşqinə yollanmaq üçün hamı avtobusda öz yerini tutmuşdu. Komandamızın 4 braziliyalısı mənə yaxın oturduğundan danışdıqlarını aydın eşidirdim. Təbii ki, mövzu dünya çempionatı idi. Komandalarının biabırçı məğlubiyyəti azmış kimi, Argentina millisinin də finala çıxması onları lap pərişan etmişdi.
Aralarındakı söhbət təxminən belə idi : "Gördünüzmü? Bir bu çatışmırdı. Onsuz da biabırçı oyundan sonra aləm bir-birinə dəyib. Argentina çempion olsa, nə baş verəcəyini təsəvvür edə bilmirəm", "Hə, saytların birindən oxudum ki, San-Pauloda 20-dən çox avtobus və maşını yandırıblar. Argentina qalib gəlsə, vəziyyət daha da pis olacaq".
Hələ bir neçə il əvvəl Braziliyada olanda özüm də yerli əhalinin "hermanos" (dırnaqarası qardaşlar) deyə adlandırdıqları qərb qonşularını sevmədiklərinin şahidi olmuşdum. Bu iki ölkə arasındakı məlum, əzəli rəqabət futboldan başqa digər sahələrə də təsirsiz ötüşməyib. Zaman-zaman siyasi konfliktlər də yaşanıb.
Məsələn, bir vaxtlar Braziliyaya məxsus, hazırda isə Uruqvayın ərazisi sayılan Sisplatina əyalətində Argentinanın da gözü varmış. Buna görə aralarında müharibə olmasa da, bir-birlərinə düşmən münasibət həmişə aydın sezilib.
Yalnız 90-cı illərin əvvəlində imzalanan MERCOSUR müqaviləsindən sonra iki ölkə arasındakı münasibətlər bir az normallaşıb. Amma istənilən halda, imzalanacaq saysız müqavilə və sazişlərdən asılı olmayaraq, bu əzəli rəqabət Pele və Maradona çəkişməsi kimi həmişə davam edəcək.
Hətta bu haqda belə bir deyim var: argentinalılar braziliyalıları sevməyə nifrət edirlər, braziliyalılar isə argentinalılara nifrəti sevirlər.
Bəlkə də, çoxları yerli publikanın Argentinaya nifrəti səbəbindən finalda Almaniyaya dəstək olacağını düşünür. Kiminçünsə bu normal sayıla bilər. Amma bir kariokalı fanatın “Marakana”da "Deutschland über Alles" bağırması da qəribə mənzərə yaradır. Bir neçə gün öncə final matçına biletlər braziliyalılar üçün əsl xəzinə sayılırdısa, almanlara acı məğlubiyyət eksakampeon olmaq arzularını puç etdi. Onların çoxu artıq aldıqları biletləri satışa çıxarır. Argentinanın çempion ola biləcəyinə canlı şahidlik etmək bir braziliyalı üçün ağırdı.
Əsas rəqiblərinin məhz onların ölkəsində finala çıxması və 28 il sonra 3-cü dəfə çempion olmaq imkanı qazanması sarsıdıcı zərbədi. Yerli mətbuat bunu qabartmamağa çalışsa da, son günlər sosial şəbəkələrdə və internet portallarındakı müşahidələrim bunu deməyə əsas verir. Rio-de-Janeyro şəhərinin meri Eduardo Paes argentinalıların çempion olmaq ehtimalını belə yaxına buraxmaq istəmir: "Messi də onların, Roma papası da onların. Axı hər şey onların ola bilməz!"
Mətbuata inansaq, Rio-de-Janeyro 100 minə yaxın argentinalını ağuşuna alacaq. Əksər qonaqlar üçün indiki vəziyyətdə otel kirayələmək mümkünsüz missiya sayıldığından şəhərdə hər addım başı çadırlara rast gəlmək olar. Stadiona girmək imkanı olmayan minlərlə argentinalı və braziliyalı finalı bir yerdə, məşhur Kopakabana çimərliyində qurulan yekə ekrandan izləyəcəklər. Əgər "albiseleste" “Marakana”da qalib gələrsə, nələr baş verə biləcəyini təsəvvür edin. Burda bir braziliyalı azarkeşin sosial şəbəkədə paylaşdığı pessimist ruhlu şərhini xatırlatmaq yerinə düşər: "Argentina bizlə oynamadan, bizi məğlub etmədən, onlara uduzduq".
P.S. Roma Papası I Fransisk bir neçə gün öncə yuxusunda Argentinanın dünya çempionu olduğunu görüb.
Elvar QULIYEV
("Xəzər Lənkəran" klubunun tərcüməçisi)
Apasport.az üçün