Almaniyada çıxış edən legionerlərimiz növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, həmin ölkədə çıxış edən 3 futbolçudan 2-si çempionat matçında meydançaya çıxıb.
Yığmamızın aparıcı oyunçularından olan Dmitri Nazarov II Bundesliqada III turun oyununa çıxıb. Onun şərəfini qoruduğu “Karlsrue” “FSV Frankfurt” səfərindən 2:1 hesablı qələbə ilə qayıdıb. Matça ehtiyatdan başlayan Nazarov 67-ci dəqiqədə komanda yoldaşı Bubakar Barrini əvəz edib. Təmsilçimiz oyuna qoşulanda komandası artıq 2:1 hesabı ilə öndə olub. Nazarov yalnız son dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”. Bununla mövsümdə ilk qələbəsini qazanan “Karlsrue” 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Milli komandamızın keçmiş hücumçusu Cihan Özkaranın komandası “Preuzen Münster” isə III Bundesliqanın III turunda “Vurzburger Kikkers” klubunu qəbul edib. 0:0 hesabı ilə başa çatan qarşılaşmada Özkara 24 dəqiqə iştirak edib. O, 66-cı dəqiqədə Abdennur Amaçaybunu əvəzləyib. İlk 3 turda 5 xal toplayan “Preuzen Münster” turnir cədvəlinin 6-ci pilləsində yer alır.
Millimizin daha bir sabiq üzvü Rüfət Dadaşovun komandası “Saarbruken” isə IV Bundesliqanın (Regionalliqa) III turunda “Vorms”u qəbul edib. Komandasının 1:0 hesablı qələbə qazandığı görüşü Dadaşov kənardan izləməklə kifayətlənib. 3 turdan sonra aktivində 7 xal olan “Saarbruken” hazırda 18 komanda arasında 2-ci pillədədi.