“Real Madrid” futbol klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalının “Bavariya”ya qarşı oynayacaqları cavab görüşünü şərh edib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis madridlilərin intellektual səviyyəsi barədə danışıb.
Ançelotti cavab matçının ağır olacağını bildiklərini dilə gətirib: “Biz böyük komandaya qarşı oynayırıq və üstünlüyümüz kiçikdir. Ona görə də, biz hər şeyin bitdiyini düşünəcək qədər axmaq deyilik. Doğrudur, bizim komandada ulduz heyət yığılıb və biz fiziki cəhətdən güclüyük. Amma oyun çox ağır olacaq. Taktiki gedişin birinci oyundakından ciddi fərqlənəcəyini düşünmürəm. “Bavariya” hücum futbolu oynayır. Amma bu oyunda taktiki gedişlərin həlledici əhəmiyyət daşıyacağını düşünmürəm. Fikrimcə, psixoloji dözümlülük həlledici əhəmiyyət daşıyacaq. Ötən oyunda çox zəifə başladıq. Bu oyunda da belə başlasaq, ciddi risk etmiş olacağıq. “Real” oyuna daha güclü başlamalıdır. Finala çıxmaq üçün bütün gücümüzü göstərməliyik. Biz qol vurmasaq belə finala çıxa bilərik. Amma biz hücuma hazırlaşırıq. Biz Çempionlar Liqasında da, ölkə çempionatında da çoxlu qol vurmuşuq və mən bu tendensiyanın davam etməsini istəyirəm. Biz müxtəlif stillərdə oynaya bilərik. Amma çox hallarda hücuma üstünlük veririk. Biz fiziki hazırlığımız və texnikamız kimi əsas üstünlüklərimizdən istifadə etmək niyyətindəyik”.