Ansi Aqolli: Onlar Bakıda ancaq hücum edəcək – MÜSAHİBƏ
21.07.2014 - 10:45
Ansi Aqolli: Onlar Bakıda ancaq hücum edəcək – MÜSAHİBƏ

Çempionlar Liqasının II təsnifat mərhələsində sabah Bakıda Maltanın “Valletta” klubu ilə qarşılaşacaq “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

 

- “Valletta” ilə ilk oyun haqqında fikirlərinizi bildirərdiniz...

- Bizim üçün təlim-məşq toplanışından sonra ilk rəsmi oyun idi. Amma biz yaxşı oyun göstərdik və 1:0 hesablı qələbə qazandıq. Məncə, bu komandamıza lazım olan nəticə idi.

 

- Amma daha çox qol vuracağınız gözlənilsə də, rəqibin qapısından yalnız bir top keçirə bildiniz. Bunu nə ilə izah edərdiz?

- Əsas odur ki, öz qapımızda qol görmədik. Bir qol da yaxşı üstünlükdür. Öz meydanımızda daha yaxşı oynamağa çalışacağıq.

 

- Rəqibinizin o qədər də güclü olmadığı və sizin növbəti mərhələyə çıxacağınız əvvəlcədən deyilirdi. Səfərdəki qələbədən sonra “Qarabağ”ı növbəti mərhələdə görmək olar?

- Düzdü, biz səfərdə qələbə qazandığımız üçün növbəti mərhələyə yaxınıq. Amma hələ heç nə bitməyib. Bakıdakı oyun da Maltadakının davamıdır. Biz bu matça da çox ciddi yanaşırıq. İlk oyundakı kimi qarşılaşmaya daha yaxşı konsentrasiya olmağa çalışacağıq. “Valletta”nın itirəcək heç bir şeyi yoxdur. Məncə, onlar Bakıda ancaq hücum edəcək.

 

- Sizcə, “Qarabağ” Maltada öz oyununu tam göstərə bildi?

- Düşünürəm ki, hazırlıqlardan sonra ilk rəsmi oyuna görə hər şey yaxşı idi. Amma bundan üstün oyun göstərməyə, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Yavaş-yavaş hər şey tam qaydasına düşəcək.

 

- “Valletta” öz meydanında yaxşı oyun göstərə bilmədi. Onların Bakıda uğur qazanacağı inandırıcı deyil...

- “Valletta” təcrübəli komandadır. Heyətlərində milli komandalarının futbolçuları var. Həmçinin Maltada çempion olublar. Bunlar az şey deyil. Bu komandanın gücü var ki, çempion olub.

 

- İlk oyunda əlinizə xeyli qol şansı düşsə də, yalnız birindən istifadə edə bildiniz. Bu hücumçu problemi ilə bağlı idi?

- Düşünmürəm ki, qol vurmaq baxımından problemimiz olsun. Sadəcə oyun belə alındı. Biz bir ay təlim-məşq toplanışında ciddi hazırlaşdıq. Bunun bəhrəsini mütləq görəcəyik.

 

- Rəşad Sadıqov və Maksim Medvedevin olmaması komandaya nə qədər pis təsir etdi?

- Rəşad və Maksim bizim üçün çox vacib futbolçulardır. Amma belə alındı və düşünürəm ki, digərləri onları sığortalaya bildi. İnanıram ki, qarşıdakı oyunlarda onlar bizə kömək edəcəklər.

 

- “Valletta”nı keçsəniz, növbəti mərhələdə rəqibiniz Avstriyanın “Zalsburq” klubu olacaq. Bu komandanı tanıyırsınız?

- İlk öncə biz “Valletta” ilə ikinci oyunu düşünürük. Qarşıda onlarla daha bir çətin 90 dəqiqə bizi gözləyir. Hər şey istədiyimiz kimi getsə, “Zalsburq” haqqında düşünəcəyik.

 

Elsevər MƏMMƏDOV