Ante Vuçemiloviç - “İnter” üçün uğursuz hakim
30.06.2014 - 14:14
Ante Vuçemiloviç  - “İnter” üçün uğursuz hakim

Avropa Liqasının I təsnifat mərhələsində Bakı “İnter”inin ilk oyununu idarə edəcək xorvatiyalı Ante Vuçemiloviç təmsilçimiz üçün uğursuz hakimdir. Apasport.az saytının məlumatına görə, 17 gün əvvəl 40 yaşını qeyd edən referi 2007-ci ildən FİFA dərəcəsi alıb.

 

UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasında olan Vuçemiloviç 7,5 il ərzində avrokubokların təsnifat mərhələlərində, yığmaların seçmə oyunlarında 20-dən artıq qarşılaşmada fit çalıb.

 

Bakılıların iyulun 3-də Moldovada yerli “Tiraspol”la keçirəcəyi görüşün hakiminin yolları əvvəl də “bankirlər”lə kəsişib. 2009-cu ilin yayında Kaxaber Sxadadzenin “İnter”dəki debütünün korlanmasında da xorvatiyalı iş başında olub.

 

Həmin vaxt Avropa Liqasının I təsnifat mərhələsinin Slovakiyadakı ilk oyununda 1:2 hesabı ilə uduzan “bankirlər” Trnava “Spartak”ını Bakıda yenməli idi. Lakin uğursuz hakim Sxadadze ilə ilk ev oyununda da məğlubiyyət qeydə aldı – 1:3.

 

Həmin matçda bakılılar Valter Quqlemonun qolu ilə hesabı açsa da, sonradan 3 top buraxmışdı. Hətta Vuçemiloviç 59-cu dəqiqədə qonaqları azlıqda qoysa da, bundan yararlanmaq mümkün olmamışdı. 5 il əvvəlki oyuna sonradan daxil olan Asif Məmmədov və ehtiyatda qalan Georgi Lomaya yenə “İnter”in sıralarındadır.

 

Qeyd edək ki, “Turaspol” – “İnter” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.