Antispaniya koalisiyası “Futbol talibanı”nı necə çökdürdü?
21.06.2014 - 23:00
Antispaniya koalisiyası “Futbol talibanı”nı necə çökdürdü?

İspaniya yığmasının son 3 turnirdə (Avropa-Dünya-Avropa) ard-arda qazandığı qələbələr futbol dünyasında, lap elə dünyanın özündə də İspaniyaya anlaşılmaz bir kin formalaşdırmışdı. Səbəb? Matadorlar qarşısına çıxana aman vermirdi. “Tiki-taka” (topu mümkün qədər özündə çox saxlamaq və qısa ötürmələr) işə düşürdü və qələbə...

İspaniyanın bir Avropa çempionluğu var idi ki, o da uzaq 1964-cü ildə qazanılmışdı. Dünya çempionatından isə danışmağa dəyməz. İspanlar 2010-cu il dünya çempionatına qədər dünya çempionatlarında 1/4 final səddini keçə bilməmişdi.

Bəs hər şey əslində necə baş verdi?

Niderland və Belçikada təşkil olunan 2000-ci il Avropa çempionatından üzü bu yana bütün dünya ispanların qələbəsini ədalətin təcəllası kimi görsə də, məğlubedilməz seriyalar onların qələbəsini arzulayanları peşman etmişdi. Lap, tülkü fağır deyil, yeri dardı məsəlində olduğu kimi...

Əsəblər Polşa və Ukraynada keçirilən futbol üzrə son Avropa çempionatından sonra daha çox gərilməyə başladı. İspaniyanın 2008 Avropa və 2010 Dünya çempionluqlarını Fransanın 98 Dünya və 2000 Avropa çempionluqları ilə bağlayanlar çox idi.

Polşa və Ukraynada İspaniya məğlub olmalı idi. Amma olmadı... Onlar yenə Avropa çempionu oldular. 2012-ci il Avropa çempionatı “Hamı İspaniyaya qarşı!” şüarı altında keçirildi. “Buğalar” isə həmişə onları görməzdən gələn dünyada qisasını almağa davam edirdi. Klub səviyyəsində çox güclü olan ölkənin artıq yığması da məğlubedilməz idi. Amma tezliklə antispaniya koalisiyası formalaşdı. Qisas alınmalı, “tiki-taka” çökdürülməli, “Futbol talibanları” tərk-silah edilməli idi.

****

2000-ci il. İspaniya yığması Avropa çempionatının əsas favoriti kimi Rotterdama ayaq basır. O zaman yığmanın baş məşqçisi, indiki baş məşqçi Del Boskeylə çiyin-çiyinə “Real”ı uğura aparan Xose Antonio Kamaço mikrofon qarşısında elə sözlər səsləndirir ki, Avropa “buğaların” oyununu səbirsizliklə gözləyir. Çempionatın final oyunu məhz ispanların qrupda ilk matçını Norveçə qarşı oynayacağı Rotterdam stadionunda keçiriləcəkdi. Kamaço isə açılışı da, finalı da məhz bu stadionda oynayacaqlarını söyləmişdi.

İspaniyanın Norveçlə qrupda qarşıladığı ilk oyun isə Avropa üçün (gələcəkdə İspaniya üçün “əlamətdar” olacaqdı) daha əlamətdar oldu. Belə ki, həmin oyunda Avropa çempionatları tarixində ilk dəfə, qeyri-avropalı, misirli hakim Camal Qandur fit çalırdı. Gözlənildiyinin əksinə olaraq “qırmızılar” Norveçə 0:1 hesabı ilə məğlub oldular.

Kamaçonun böyük ümidlər bəslədiyi qapıçı Molinanın kobud səhvi Norveçə 3 xal qazandırdı. Qalan oyunlarda Santyaqo Kanisaresə güvənən Kamaço çətinliklə də olsa yığmanı qrupdan çıxara bildi.

Ancaq 1/4 finalda lənətlənmiş Fransa səddi keçilməzdi. Fransayla oyunun 90-cı dəqiqəsində Raulun penaltini qaçırmasıyla Fransa qələbəni rəsmiləşdirdi: 2-1.

Ancaq iki il sonra ispanları daha dramatik bir səhnə gözləyirdi. Baş rolda misirli hakim Qandur elə oyanayacaqdı ki, İspaniya hələ də bu “rolu” unuda bilmir.

2002-ci il. Baş məşqçi Kamaçoya bütün dünya qibtə edirdi. Çünki onun əlinin altında 40 nəfərlik peşəkar futbolçu ordusu vardı: Raul, Moryentes, Kasilyas, Hyerro, Nadal, Mendiyeta, Tristan, Helquera, Baraxa, Xavi, Puyol, Xoakin, Luis Enrike, Qvardiola və başqaları…

Ancaq mundialda cəmi 23 futbolçunun xidmətindən istifadə oluna bilərdi. Üzünü təraş edən zaman ətir şüşəsini yerə salaraq ayağını doğrayan Santyaqo Kanisaresi isə hazırda dünyanın bir nömrəsi olan İker Kasilyas əvəzlədi. O

Kasilyas ki, mundialda sərgilədiyi oyunla adını futbol tarixinə qızıl hərflərlə yazdırdı.

Möhtəşəm oyunla qrupu 9 xalla lider bitirən “qırmızılar” 1/8 finalda irlandları əzdi. 1/4 finalda isə ev sahibləri Cənubi Koreya ilə nəfəs kəsən bir matç oynadılar. Hakim ispanların qəbirqazanı misirli Qandur idi.

Kamaçonun dalağı sancmışdı. Qandur bu oyun üçün deyildi. Avropalı bir hakim olsa daha yaxşı olardı. Gözlənildiyi kimi “matadorlar” “qıyıqgözləri” top atəşinə tutmuşdu.

İspaniyanın iki təmiz qolunu hesaba almayan misirli Cənubi Koreyanı penaltilərə qədər daşıdı. Cənubi Koreya 13 nəfərlə oynayırdı: Qandur+azarkeşlər.

Penalti zərbələrində Xoakin Sançesin qeyri-dəqiqliyi ispanların arzularının üstündən xətt çəkdi. Dünya çempionatlarındakı 1/4 final tilsimi yenə də qırılmadı.

2004-cü il. Qonşu Portuqaliyada keçirilən Avropa birinciliyində İspaniya yığması qrupdan çıxa bilmədi. Baş məşqçi İnyaki Saes nəyi səhv etmişdi axı?! Heyət 2002-ci ildən daha da güclü və döyüşkən idi. Amma yenə alınmadı. Bu dəfə media gözlənilməz bir iddia ortaya atdı: “Yığmadakı etniklər ölkə adına oynamaq istəmirlər”. Yəni, İspaniyadakı etnik azlıqlar - basklar, katalonlar, asturlar İspaniyanın uğrunu istəmirlər. Separatizmdən əziyyət çəkən ölkə üçün bu iddia müəyyən qədər inandırıcı idi. Çaşqınlıq içində olan İspaniya böyük rəzalətin bir addımlığında olsa da vəziyyətdən çıxış yolu tapıldı.

Saçı-başı ağarmış, əli-ayağı əsən, məşqçi kimi elə də böyük titullar qazana bilməyən Luis Araqones yığmanın sükanı arxasına keçər-keçməz İspaniya yığmasında radikal dəyişikliklər etdi. Araqonesə ilk sillə isə “Barselona”nın müdafiəçisi Olequer Fresasdan gəldi. Olequer İspaniya yığmasında oynamaqdan imtina etdi. Səbəb: Kataloniya yığmasında oynamaq daha şərəfli idi.

Yoxsa yazılanlar doğru idi?

2006-ci il. Almaniyada keçirilən mundialda da favorit göstərilən yığma bu dəfə də fransızlara 1/8 finalda məğlub oldu. Amma Araqones istefaya göndərilmədi. Federasiya ona daha bir şans verdi. Hər turnirdən sonra məşqçi dəyişikliyi ürəkaçan deyildi. İşlər yolunda getmirdi. Yığma qara zolaqdan heç cür çıxa bilmirdi. Dünya çempionatından sonra seçmə mərhələdə zəif Şimali İrlandiya yığmasına məğlubiyyət səbrləri daşırmışdı. İspan basketbolçuların dünya çempionluğu isə işləri lap korlamışdı. Yerli media basketbolçularu dünya çempionluğuna görə “Qızıl əsgərlər”, munidialdakı uğursuzluğa isə futbolçuları “qalay əsgər” adlandırırdı.

Araqones bunu həzm edə bilmirdi. Qisas hissi, özünü isbatlamaq duyğusu baş qaldırmışdı. Əfsanəvi forvard Raul Qonzalesi yığmadan uzaqlaşdıran Araqones yığmada bir liderin olmasını qəbullanmırdı. Ona görə yığmada 11 lider olmalı idi.

Gənc hücumçular Fernando Torres və David Vilya daha çox fayda verə bilərdi nəinki Raul. Raula İspaniya yığmasının qapıları birdəfəlik bağlanmışdı. “Tiki-taka” işə düşmüşdü. Araqones “Barselona”nın oyunçularının çoxluq təşkil etdiyi yığma qurmuşdu. Oyunçular klub praktikasından yığmada da rahatlıqla istifadə edirdi.

2008-ci il. Nədənsə Avropa bu dəfə İspaniyadan uğur gözləmirdi. Raulsuz yığma bir qədər maraqsız görünürdü. Açılış oyununda Rusiya darmadağını da fikirləri dəyişmədi. Hamı bir ağızdan spektakl davam edir deyirdi. Axı ispanlar qrupda uğurlu çıxış etsə də, play-offda ilişib qalırdı.

1/4 finalda İtaliya ilə oyunun artırma dəqiqələrində Xavi və İnyesta kimi əjdahaları əvəzləyən Araqonesin doğru yolda olması Kasilyasın kuboku başı üzərinə qaldırmasıyla öz təsdiqini tapdı. Almaniyanı Torresin tək qoluyla yenən İspaniyanın de-marşı uğurla bitmişdi. 1984-cü ildə Avropa çempionatının finalında Fransaya məğlub olan ispanlara kuboku UEFA prezidenti Mişel Platini verirdi. O Platini ki, hücumçu kimi onlardan aldığı kuboku bu dəfə onlara UEFA prezidenti kimi geri qaytarırdı. Avropa və dünya sevinc içində idi. Axır ki,

uğurun yan keçdiyi İspaniya uğurun zirvəsini fəth etmişdi. Luis Araqones Visente Del Boskeylə əvəzləndi. Del Boske Araqonesin qurduğu komandada cəmi iki dəyişiklik etdi: Senna və Marçenanı müvafiq olaraq Pike və Buskets əvəzlədi.

2010-cu il. CAR-da açılış oyununda İsveçrə məğlubiyyəti ispanların çempionluq şansını azaltmışdı. Amma qəzəbli “buğalar” təslim olmadılar. Döyüşmək lazım idi. 1/4 finalda Paraqvayla oyunda isə tilsim qırıldı. Qarşılıqlı penaltiləri vura bilməyən komandalar nəfəsləri kəsan mücadələ aparırdılar. David Vilyanın Paraqvayın qapısına vurduğu top qapı dirəklərinə dəyə-dəyə tora daxil oldu. Və tilsim qırılmışdı… Yarımfinalda iti buynuzlarıyla “alman maşınını” da dağıdan “buğalar” üçün heç bir maneə qalmamışdı. İlk dəfə final oynayan “Furiya” Niderlandı 1-0 məğlub edərək dünya çempionu oldu.

Və vaxt dolandı, il keçdi. 2014-cü il dünya çempionatı start götürdü. Bu dəfə antispaniya koalisiyası “tiki-taka”ya aman vermədi. Biz “futbol talibanı” deyilik deyən baş məşqçi Del Boskenin komandasına müttəfiqlər arasıkəsilməz zərbələr endirdilər.

“Tiki-taka” sistemi, onu yığmada tətbiq edən Luis Araqoneslə birlikdə bu ilin fevralında dünyadan köçmüşdü...

Fərid Mirzəyev