“Atletiko Madrid” Soma faciəsi qurbanları üçün “Qalatasaray”la yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, İzmir Atatürk stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Oyundan əvvəl hər iki komandanın futbolçuları, eləcə də baş məşqçilər Çezare Prandelli və Dieqo Simeone Somadan gələn uşaqlarla şəkil çəkdirib. “Qalatasaray” futbolçuları isə uşaqlara həm də hədiyyələr paylayıblar.
Qeyd edək ki, bu, İstanbul klubunun yeni baş məşqçi Çezare Prandellinin başçılığı altında Türkiyədə ilk oyunu olub.
Türkiyə futbolunun ulduzu Arda Turan “Atletiko”nun tərkibində ilk 11-də meydana çıxıb. “Qalatasaray”ın yetirməsi olan Arda 8,5 ildən sonra ilk dəfə doğma komandasına qarşı çıxıb. Turan sonuncu dəfə icarə əsasında “Mansiaspor”da oynayan zaman “Qalatasaray”a qarşı meydana çıxmışdı.
Matçdan öncə tribunada xoşagəlməz olay da yaşanıb. Bir qrup azarkeş Ardanın “Atletiko”ya keçməsinə etiraz olaraq “Cimbom”u satanı biz də satarıq” yazılan banner qaldırıb. Başqa qrupun Ardaya söz atanlara hücum etməsindən sonra polis işə qarışıb və azarkeş qruplarını sakitləşdirib.
Matçın ən maraqlı məqamlarından biri isə Musleranın Ardaya təpik atması olub. Muslera oyun epizodlarından birində “Qalatasaray”ın cərimə meydanını tərk edən keçmiş komanda yoldaşı Ardaya zarafatla arxadan təpik atıb.