“Qaret Beyl və Pol Poqbaya görə tələb olunan məbləği ödəməyə hazır olduğumuzu düşünmürəm. Çoxları unudur ki, bir dönəm aparıcı futbolçularımızla vidalaşdıq. Onda buna məcbur idik. Ancaq indi satıcı yox, alıcıyıq. Transfer məsələsində fəallıq göstərməyə hazırıq. Lakin bu o demək deyil ki, kosmik məbləğlər xərcləyəcəyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger deyib.
London klubunun transfer siyasətinə toxunan fransalı çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, futbolçuların şişirdilmiş transfer qiymətləri ilə razılaşmadığını bildirib: “Transferlərə nə qədər pul xərcləyəcəyimizi demək istəmirəm. Həmişə çalışmışam ki, perspektiv vəd edən, keyfiyyətli oyunçuları komandaya gətirim. Futbolçulara qoyulan şişirdilmiş qiymətlərlə heç vaxt razılaşmamışam. Məsələn, Santi Kazorla İngiltərə Kubokunun finalının ən yaxşı oyunçusu seçildi. Lakin mən düşünmürəm ki, onun qiyməti 150 milyon avroya bərabərdi. Prinsip etibarilə, transferlərə pul xərclənməsinin əleyhinə deyiləm. Ancaq sərf olunan məbləğ futbolçunun səviyyəsinə uyğun olmalıdı”.
Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”ın baş məşqçisidi.