Sabah Avropa Liqasında keçiriləcək oyunlar Azərbaycan klubları üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin ilk oyunlarına çıxacaq “Qəbələ” və “İnter”in qalib gəlməsi sayəsində avrokuboklardakı qələbələrimizin sayı 50-yə çata bilər.
Bunun üçün əyalət təmsilçisi “Şiroku Briyeq” (Bosniya və Herseqovina) üzərində qələbə qazanmalı, 2 saat sonra meydana çıxacaq “İnter” isə səfərdə “Tiraspol”u (Moldova) udmalıdır. Moldovadakı qələbə klublarımızın 192-ci oyunda qazanacağı 50-ci uğur ola bilər.
İndiyədək 190 matça çıxan komandalarımız əlavə vaxta ehtiyac olan oyunların 120 dəqiqəsinin nəticəsi nəzərə alınmaqla, 48 qələbə qazanıb, 44 heç-heçə edib və 98 dəfə uduzub. Bu görüşlərdə komandalarımız 155 top vurub və 321-ni buraxıb.