Aysal təkzib etdi: Luçesku ilə görüşməmişik
01.05.2014 - 05:28
Aysal təkzib etdi: Luçesku ilə görüşməmişik

“Qalatasaray” başqanı Ünal Aysal Mirça Luçesku ilə anlaşdıqları barədə məlumatı təkzib edib. Apasport.az saytının məlumatına görə. Aysal rumıniyalı mütəxəssislə heç bir görüşlərinin olmadığını bildirib.

 

“Qalatasaray” başqanı Luçesku ilə nə rəsmi, nə də qeyri-rəsmi təmaslarının olmadığını qeyd edib: “Mövsüm sona çatmadan hansısa məşqçi və ya futbolçu ilə əlaqə qurmamağa qərar vermişik”.

 

Maraqlıdır ki, indiyə kimi Mançini ilə ayrılmayacaqlarını deyən Aysal, bu dəfə “mövsüm bitənə qədər” sözünü işlədib. Türkiyə mətbuatı yazır ki, artıq “Qalatasaray” başqanı da baş məşqçinin dəyişdirilməsinin vacibliyini anlayır. Amma komandanın ağır iqtisadi durumda olduğu bir zamanda bu addımı ata bilmir. Çünki Mançini istefaya göndərilsə, “aslan” böyük miqdarda təzminat ödəməlidir. Aysal Mançinini komandaya gətirəndə, onunla 3 il üçün 13,5 milyonluq müqavilə bağlayıb. Müqavilə birtərəfli qaydada pozulsa, Mançiniyə 9 milyon təzminat ödəniləcək, əlavə olaraq italiyalı mütəxəssisin ölkəsində ödəməli olduğu 4,5 milyonluq vergi də “Qalatasaray”ın boynunda qalacaq. Bu səbəbdən də, klub rəhbərliyi İstanbulda bacarıqsız olduğunu görən Mançininin özünün getmək istəməsi barədə söz salmasını və müqavilənin qarşılıqlı razılaşma ilə təzminatsız pozulmasını istəyir.