[b]Azərbaycan – Malta: Kim necə oynadı?[/b]
29.03.2015 - 10:17
[b]Azərbaycan – Malta: Kim necə oynadı?[/b]

Adətən, qalib komandanı mühakimə etmirlər. Dünən də yığmamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazandı. Yeni baş məşqçi Robert Prosineçkinin debüt oyunu olması bu qalibiyyətin əhəmiyyətini daha da artırdı. Ancaq rəqibin hansısa güclü bir komanda yox, Malta olmasını da unutmayaq.

 

Qələbəyə baxmayaraq, yığmamız azarkeşlərin ürəyi istəyən oyunu göstərmədi. Etiraf edək ki, rəqib zəif idi və bunun da nəticəsi idi ki, bəzi mövqelərimizdəki boşluqlar qabarıq şəkildə üzə çıxmadı. Ancaq müəyyən çatışmazlıqlar diqqətdən qaçmadı. Biz də futbolçularımızın çıxışını dəyərləndirməyə çalışdıq.

 

Kamran Ağayev - Rəqib qapımıza tərəf çox yaxınlaşa bilmədiyindən, Kamrana da iş düşmürdü. Birinci hissədə bir dəfə oyuna qoşuldu, onda da yüz faizlik qol epizodunda əla reaksiya ilə komandamızı xilas etdi. Kamran bir də son dəqiqələrdə Malta hücuma atıldığından, həyəcan yaşadı. Amma ümumilikdə soyuq havada üşüməməkdən ötrü özü üçün məşq edirdi.

 

Rəşad Sadıqov - Kapitan mübarizəyə tez-tez qoşulurdu. Cəmi bir dəfə mərkəzdə boşluq yarandı, onda da Kamran Ağayev komanda yoldaşlarının səhvini sığortaladı. Rəşad rəqibin Nigeriya əsilli hücumçusu Effionqa oyunboyu göz açmağa imkan vermədi. Xüsusən də, hava toplarında bir dəfə də ona uduzmadı. Üstəlik, geridən oyun qurur, hərdən hücuma da qoşulurdu.

 

Bədavi Hüseynov – Bir neçə dəfə rəqibin son ötürməsinin qarşısını məharətlə aldı. Həmişəki kimi, müdafiədə etibarlı oyun göstərdi. Amma tərəfdaşı Rəşad kimi oyun qurmağı hələ də bacarmır. Bir neçə dəfə qeyri-dəqiq ötürmələrlə diqqət çəkdi.

 

Arif Daşdəmirov – “İnter”in futbolçusu birinci hissədə, demək olar ki, meydanda gəzirdi. Çünki həm rəqib irəli çıxa bilmirdi, həm də komandamız əsasən sağ cinahdan hücumlar qururdu. Önündə Əfran İsmayılov təkbaşına rəqibin müdafiə xəttini pərən-pərən etdiyindən, Daşdəmirova çox ehtiyac da qalmırdı. Əsas çatışmayan cəhəti hücuma keçərkən vaxtında geri qayıtmamağı idi ki, bu da Rəşadla Bədaviyə əlavə problem yaradırdı.

 

Maksim Medvedev – Oyuna yaxşı başlamasa da, özünü tez ələ aldı. Sağ cinahda Namiq Ələsgərovla əla tandem təşkil edirdi. Lakin Ələsgərov zədələndikdən sonra onu əvəzləyən Ruslan Qurbanovla bir-birilərini başa düşə bilmədilər. Millimiz artıq həmin cinahdan hücum da etmirdi.

 

Qara Qarayev – Malta əsasən mərkəzdən əks-hücumlara çıxdığından, Qaraya çox iş düşdü. Birinci hissədə hücumların qurulmasında müəyyən rol oynadı. Ancaq ümumilikdə yaxşı çıxış etdiyini demək olmaz. Xüsusən də, ikinci hissədə bəzən bomboş vəziyyətdə həvəskar futbolçu kimi, topu hara gəldi vurması diqqətdən qaçmadı.

 

Rahid Əmirquliyev – Onun da oyunu yüksək səviyyədə keçirdiyini demək olmaz. Komandamızın əsasən cinahlara üstünlük verməsinin də buna təsiri oldu. Rahid bu dəfə hücuma daha yaxın idi. Amma sadə ötürmələrdən başqa heç nə etmirdi. İkinci hissədə isə artıq nə hücuma, nə də müdafiəyə lazımi dəstəyi verə bildi.

 

Cavid Hüseynov - Erkən qolla komandanı rahatlatsa da, yarımmüdafiəçi meydanın ən zəiflərindən biri idi. Tez-tez ötürmə səhvləri ilə yadda qaldı. Əks-hücumlar zamanı vaxtında cinahları oyuna qoşmamaqla, topu ayağında çox saxlamaqla komandanı ləngitdi. Matçın sonlarına yaxın sağ cinaha keçsə də, orda da heç nə edə bilmədi. Ümumiyyətlə, Cavidin bu cür oyunla 90 dəqiqə meydançada qalması təəccüb doğurmaya bilməzdi.

 

Əfran İsmayılov – Yığmamız ilk dəqiqələrdən üstünlüyü sağ cinaha verdiyindən, Əfran çox gözə dəymirdi. Ancaq Namiq Ələsgərov əvəzləndikdən sonra topla ən çox oynayan futbolçu məhz İsmayılov oldu. Sol cinahda çıxış etsə də, sürətli keçidləri ilə tez-tez alqış qazandı. Top hər dəfə onda olanda millimiz təhlükəli hücumlar edirdi. Lakin ikinci hissədə artıq yorulmuşdu. Fiziki cəhətdən tam hazır olmadığı hiss olunur. Bu üzdən də baş məşqçinin onu əvəzləməsini başa düşmək olar.

 

Namiq Ələsgərov – Oyuna yaxşı başladı. İlk dəqiqələrdən hücumların ağırlığını da öz çiyinlərinə götürmüşdü. Qol epizodunda sağ cinahdan reyd edərək Cavid Hüseynova ideal ötürmə verdi. Ancaq erkən zədələnərək əvəzlənməsi planları pozdu.

 

Vüqar Nadirov – Hücumun sivri ucunda tək qalmışdı. İrəlidə özünü ora-bura “vursa” da, bunun bir xeyri olmurdu. Görüş ərzində iki dəfə zərbə mövqeyinə çıxdı. Birində topu qapıdan yuxarı vurdu, digərində isə rəqib qolkiperi əziyyətə saldı. Nadirov millinin hücum xəttindəki problemi yoluna qoyacaq gücdə deyildi.

 

Ruslan Qurbanov – İlk hissədə zədələnən Namiq Ələsgərovu əvəzlədi və Prosineçki ona sağ cinahda şans verdi. Birinci hissədə özünə yer tapmağa çalışırdı. Komanda soldan hücumlar qurduğundan, Qurbanov topla çox təmin olunmurdu. İkinci hissənin əvvəllərində bir qədər fəallaşsa da, ümumilikdə heç nə ilə yadda qalmadı.

 

Dmitri Nazarov – Yığmamızın orta sahədə üstünlüyü əldən verdiyi bir vaxtda onun meydançaya daxil olması vəziyyəti düzəltdi. Topu özündə saxlamaqla, driblinqlər etməklə komandanı rahatlatdı. Vurduğu qola isə söz ola bilməz. Bir sözlə, Nazarov az, amma “saz” oynadı.

 

Eddi İsrafilov – İspaniya La Liqasında çıxış edən Eddidən hamı çox şey gözləyirdi. Bəlkə də, buna görə idi ki, futbolçu meydançada özünü itirmişdi. Oyuna hücumameyilli yarımmüdafiəçi kimi qoşulsa da, harada oynayacağını bilmirdi, çaş-baş qalmışdı. Hətta bir neçə dəfə Rəşad Sadıqov onu müdafiədən hücuma “qovdu”.

 

Ruslan SADIQOV