Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq” (Avstriya) – “Qarabağ” (Azərbaycan) matçının baş hakimi Bobbi Maddenin kimliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu il 36 yaşını qeyd edəcək britaniyalı 2002-ci ildə hakimliyə başlayıb.
6 il ölkəsinin aşağı liqalarında matç idarə edən referi 2008-ci ildə Premyer Liqa səviyyəsinə qalxıb. Artıq 2010-cu ildə Madden FİFA hakiminə çevrilib. İndi isə şotlandiyalı UEFA-nın 2-ci kateqoriyasına daxildir.
Əsasən yığmaların seçmə mərhələ oyunlarını və avrokubokların təsnifat matçlarını idarə edən Madden qrup görüşlərində də iştirak edib. Şotlandiyalı 2012/13 mövsümündə 3, ötən mövsüm isə 2 dəfə Avropa Liqasının qrup mərhələsinin oyununa baş hakim təyin edilib. Britaniyalı referi indiyədək heç bir Azərbaycan komandası ilə görüşməyib.
Qeyd edək ki, “Zalsburq” – “Qarabağ” matçı avqustun 6-da keçiriləcək.