Topaz Premyer Liqasında 2014/15 mövsümü üçün təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” hazırlığın II mərhələsi üçün Türkiyəyə yola düşüb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda artıq Kartəpə bölgəsinə çatıb.
“Green Park Resort Kartepe” otelində məşkunlaşan “Sumqayıt” iyulun 29-da vətənə qayıdacaq. “Kimyaçılar” Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun komandası sabah İranın I dəstə təmsilçisi “Esteqlal Əhvaz” klubu ilə qarşılaşmalı idi. Lakin “Sumqayıt” həmin tarixdə adıçəkilən klubla yox, İran çempionatının gümüş mükafatçısı “Persepolis”lə üz-üzə gələcək.
Qeyd edək ki, bundan başqa, “Sumqayıt” iyulun 20-də Özbəkistan çempionu “Bunyodkor”, 23-də Türkiyənin I dəstə təmsilçisi “Manisaspor”, 25-də isə Türkmənistan klubu “Altın Asır”la qarşılaşacaq. “Sumqayıt”ın sonuncu rəqibinin adı hələ bilinmir.