Azərbaycan kuboku: Qəbələdə əcnəbi dueli, paytaxtda derbi
15.04.2014 - 09:56
Azərbaycan kuboku: Qəbələdə əcnəbi dueli, paytaxtda derbi

Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, mükafat iddiasında olan 4 komanda ilk matçına çıxacaq.

 

Bu qarşılaşmalardan biri Bakıda, digəri Qəbələdə keçiriləcək. Yarımfinal əyalətdəki oyunla başlayacaq. Topaz Premyer Liqasında mükafatlar uğrunda mübarizədən uzaq düşən 2 komanda – “Qəbələ” və “Xəzər Lənkəran” Avropa Liqasına vəsiqə üçün “vuruşacaq”. Əyalət təmsilçilərinin qarşılaşması həm də əcnəbi mütəxəssislərin dueli olacaq. Meydan sahiblərinin çalışdırıcısı rusiyalı Yuri Syomin türkiyəli Mustafa Dənizli ilə ilk dəfə kubokda görüşəcək.

 

Paytaxt derbisində yarımfinala çıxması sensasiya sayılan “Rəvan” “Neftçi”nin qonağı olacaq. Kubokun 5 qat qalibi olan “ağ-qaralar” çempionluqdan əlləri üzüldüyü üçün titul qazanmaq üçün son şansından yararlanmalıdır. Premyer Liqada qalmaq üçün mübarizə aparan autsayder isə tarixində ilk dəfə yüksəldiyi yarımfinaldan üzüağ çıxmaq istəyir.

 

Azərbaycan kuboku: İlk yarımfinal oyunları

16 aprel (çərşənbə)

19:00. “Neftçi” – “Rəvan”
“Bakcell Arena” stadionu

 

16:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Qəbələ şəhər stadionu
 

Qeyd edək ki, cavab oyunları aprelin 24-də keçiriləcək.