Almaniyanın “Bavariya” klubunun Bundesliqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına ölkə çempionluğunu xeyli əvvəl təmin edən Münhen təmsilçisi “Auqsburq”la səfər oyununda 0:1 hesabı ilə uduzub.
Bununla da Almaniya çempionunun 53 oyunluq məğlubiyyətsizliyinə son qoyulub. Ölkə çempionatında sonuncu dəfə 2012-ci il oktyabrın 28-də doğma meydanda “Bayer”ə uduzan (1:2) “Bavariya” 524 gündən sonra xalsız qaldı. Eyni zamanda, ardıcıl 65 qarşılaşmada meydanı qolsuz tərk etməyən münhenlilərin bu seriyası da qırıldı. Onlar sonuncu dəfə 2012-ci il aprelin 14-də “Maynts”la matçda qol vura bilməmişdi.
Qeyd edək ki, məğlubiyyətsiz oyunların sayında Azərbaycan rekordu “Kəpəz”ə məxsusdur. Gəncə təmsilçisi 1997-98-ci illətdə texniki nəticələr nəzərə alınmadan 28 matçda uduzmamışdı.